DÇ-2018: A qrupu – DOSYE

DÇ-2018: A qrupu – DOSYE

Baxış sayı: 2. 625 dəfə baxılıb.

İyunun 14-də Rusiyada futbol üzrə XXI dünya çempionatı (DÇ) keçiriləcək.

ÇıxışYolu.Com bu gündən etibarən sizlərə iştirakçı komandalar haqda məlumat verəcək.

İlk təqdimatımız A qrupunda mübarizə aparacaq meydan sahibi Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay haqda olacaq.

Rusiya

Bu milli SSRİ yığmasının varisi sayıldığından, 11-ci dəfə mundialda iştirak edəcək. Lakin Rusiya kimi bu mundial 4-cü olacaq. 1966-cı ildə Anatoli Banişevskili SSRİ DÇ-də bürünc medal qazansa da, şimal qonşularımız ittifaq dağıldıqdan sonra qrupdan çıxmaqda problem yaşayır. Belə ki, maksimum qrupda bir qələbə qazanan Rusiya Braziliyada keçirilən ötən mundialda heç qələbə də qazana bilmədi. Bu üzdən ruslar öz meydanlarında keçirilən budəfəki mundiala ən azı qrupdan çıxmaq gözü ilə yanaşır.

Bununla belə, cəmi üç legioneri olan Rusiya millisi ümidverici çıxışı ilə azarkeşlərin diqqətini oxşaya bilmir. Ötən il Konfederasiyalar Kubokunda qrupda qalan milli yoldaşlıq görüşlərində nadir hallarda qələbə qazana bilir. Komanda son altı yoxlama matçında qələbə üzünə həsrət qalıb. İki gün əvvəl rusların DÇ iştirakçısı olmayan Avstriyaya da uduzması Stanislav Çerçesovun komandası haqda pessimist fikirlər formalaşdırır. Baxmayaraq ki, bu millidə Sergey İqnaşeviç kimi ən çox oyun (120) keçirən müdafiəçi, Aleksandr Kerjakov kimi ən çox qol vuran (30) hücumçusu var.

Rusiyanın DÇ üçün geniş heyəti

Qapıçılar – İqor Akinfeyev (ÇSKA), Vladimir Qabulov (“Brügge”, Belçika), Andrey Lunyov (“Zenit”), Soslan Canayev (“Rubin”);

Müdafiəçilər – Sergey İqnaşeviç, Mario Fernandeş (hər ikisi ÇSKA), İqor Smolnikov (“Zenit”), Fyodor Kudryaşov, Vladimir Qranat (hər ikisi “Rubin”), İlya Kutyepov (“Spartak”), Roman Noyştedter (“Fənərbaxça”, Türkiyə), Andrey Semyonov (“Axmat”), Konstantin Rauş (“Dinamo”);

Yarımmüdafiəçilər – Yuri Jirkov, Aleksandr Yeroxin, Daler Kuzyayev (hər üçü “Zenit”), Alan Dzaqoyev, Aleksandr Qolovin (hər ikisi ÇSKA), Aleksandr Səmədov, Roman Zobnin (hər ikisi “Spartak”), Denis Çerışev (“Vilyareal”, İspaniya), Yuri Qazinski (“Krasnodar”), Anton Mirançuk (“Lokomotiv”), Aleksandr Taşayev (“Dinamo”);

Hücumçular – Fyodor Smolov (“Krasnodar”), Artyom Dzyuba (“Arsenal”), Aleksey Mirançuk (“Lokomotiv”), Fyodor Çalov (ÇSKA).

Səudiyyə Ərəbistanı

Ərəblər sonuncu dəfə 12 il əvvəl mundial iştirakçısı olub. İlk mundialında (1994) hamını təəccübləndirərək qrupdan çıxan Səudiyyə Ərəbistanı son üç DÇ-də zəif çıxışı ilə yadda qalıb. Hətta bu oyunlar arasında Almaniyaya 0:8 hesablı mundiala yaraşmayan yenilgi də var. Komandanın nisbətən güclü mövqeyi yarımmüdafiəsi ilə bağlıdır. Çünki ərəblərin üç futbolçusu İspaniya çempionatında legioner karyerası yaşayır. Lakin istənilən halda bu milli qrupdan çıxmağa namizədlər arasında göstərilmir. Ərəblərin yeganə ümidi həm də baş məşqçiləri ilə bağlıdır. Belə ki, komandanı argentinalı Xuan Antonio Pitsi hazırlaşdırır. Həmin Pitsi ki, iki il əvvəl Çili millisinə Amerika Kubokunu qazandırıb. 

Səudiyyə Ərəbistanının DÇ üçün geniş heyəti 

Qapıçılar – Yasser Əl-Mosaylem, Məhəmməd Al-Ovays (hər ikisi “Əl-Əhli”), Assaf Əl-Karni (“Əl-İttihad”), Abdulla Əl-Mayuf (“Əl-Hilal”);

Müdafiəçilər – Osama Havsavi, Yasser Əl-Şahrani, Məhəmməd Əl-Breyk, Məhəmməd Cahfali, Əli Əl-Bulaihi (hamısı “Əl-Hilal”), Ömər Havsavi (“Əl-Nəsr”), Mansur Əl-Hərbi, Motaz Havsavi, Said Əl-Movalad (hər üçü “Əl-Əhli”);

Yarımmüdafiəçilər – Taysir Əl-Cassim, Hüseyn Əl-Moqahvi (hər ikisi “Əl-Əhli”), Yəhya Əl-Şehri (“Leqanes”, İspaniya), Navaf Əl-Abed, Salman Əl-Fərəc, Əbdülmalik Əl-Xaibri, Abdulla Otayf, Məhəmməd Kanno (hamısı “Əl-Hilal”), Fahad Əl-Muvallad (“Levante”, İspaniya), Salim Əl-Davsari (“Vilyareal”, İspaniya), Məhəmməd Əl-Kvikbi (“Əl-İttifaq”), Abdulla Əl-Xeybəri, Hattan Bahebri (“Əl-Şabab”);

Hücumçular – Məhəmməd Əl-Səhləvi (“Əl-Nəsr”), Muhannad Assiri (“Əl-Əhli”).

Misir

“Fironlar”ı da argentinalı məşqçi çalışdırır. Bu, “Valensiya” və “İnter” klubları ilə müəyyən uğurlar qazanmış Ektor Kuperdir. Lakin Misir yığması deyildikdə, ağla ilk gələn Kuper yox, Məhəmməd Salah olur. Salah Çempionlar Liqasının finalında çiynindən zədə alsa da, onun mundialda iştirak etməsi üçün hər şey edilir. Hətta Kuper onu Valensiya şəhərinə müalicə almağa göndərib. Lakin Misir millisi tək “Liverpul”un hücumçusundan ibarət deyil. Bunadək 1934 və 1990-cı il DÇ-lərində iştirak etmiş Misir millisinin hazırkı heyətində legionerlər çoxluq təşkil edir. Məsələn, Məhəmməd Elnenni və Ahmed Heqazi İngiltərə Premyer Liqasının oyunçularıdır. Bu komanda qrupda 2-ci olmaq üçün çalışacaq. 

Misir millisinin geniş heyəti

Qapıçılar – Essam Əl-Hadari (“Əl-Taavun”, Səudiyyə Ərəbistanı), Şerif Əkrəmi, Məhəmməd Əl-Şenavi (hər ikisi “Əl-Əhli”), Məhəmməd Avad (“İsmaili”);

Müdafiəçilər – Ali Qabr, Ahmed Heqazi (hər ikisi “Vest Bromviç”, İngiltərə), Ömər Qaber (“Los Anceles”, ABŞ), Ahmed Fathi, Saad Samir, Ayman Əşrəf (hər üçü “Əl-Əhli”), Kərim Hafiz (“Lans”, Fransa), Məhəmməd Abdel Şəfi (“Əl-Fateh”, Səudiyyə Ərəbistanı), Amro Tarek (“Orlando Siti”, ABŞ), Əl Vinş (“Zamalek”);

Yarımmüdafiəçilər – Sem Morsi (“Viqan”, İngiltərə), Tarek Hamed, Mahmud Abdel Aziz (hər ikisi “Zamalek”), Kahraba (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Ramadan Sobhi (“Stok Siti”, İngiltərə), Məhəmməd Elnenni (“Arsenal”, İngiltərə), Şikabala (“Əl-Raed”, Səudiyyə Ərəbistanı), Abdalla Said (KuPS, Finlandiya), Trezeqe (“Kasımpaşa”, Türkiyə), Amr Varda (“Atromitos”, Yunanıstan);

Hücumçular – Kuka (“Braqa”, Portuqaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Mərvan Mohsen (“Əl-Əhli”), Ahmed Qomaa (“Əl-Məsri”).

Uruqvay

İkiqat dünya çempionları, heç şübhəsiz ki, bu qrupun favoriti sayılır. 2006-cı ildən bu millini çalışdıran Oskar Tabaresin yetirmələri qrupda lider kimi görünür. Hücum xəttində Luis Suares, Edinson Kavani kimi “dişli” hücumçuları, müdafiəsində Dieqo Qodin kimi keçilməz oyunçusu, qapı xəttində Fernando Muslera kimi qolkiperi olan milli niyə də qrupdan lider kimi növbəti mərhələyə adlamasın ki?! “La Seleste” son mundialda 1/8 finalda yarışı tərk etsə də, 2010-cu ildə yarımfinala kimi irəliləməyi bacarmışdı. Cənubi amerikalılar bu heyətlə yenə yarımfinala kimi irəliləsə, heç kim təəccüblənməməlidir.

Uruqvay millisinin heyəti

Qapıçılar – Fernando Muslera (“Qalatasaray”, Türkiyə), Martin Silva (“Vasko de Qama”, Braziliya), Martin Kampanya (“İndepiente”, Argentina);

Müdafiəçilər – Maksi Pereyra (“Portu”, Portuqaliya), Dieqo Qodin, Xose Maria Ximenes (hər ikisi “Atletiko”, İspaniya), Martin Kaseres (“Latsio”, İtaliya), Sebastian Koates (“Sportinq”, Portuqaliya), Qaston Silva (“İndepiente”, Argentina), Qilyermo Varela (“Penyarol”);

Yarımmüdafiəçilər – Kristian Rodriqes (“Penyarol”), Nikolas Lodeyro (“Sietl Saunders”, ABŞ), Qaston Ramires, Lukas Toreyra (hər ikisi “Sampdoriya”, İtaliya), Karlos Sançes, Xonatan Uretaviskaya (hər ikisi “Monterey”, Meksika), Matias Vesin (“İnter”, İtaliya), Corcian De Araskaeta (“Kruzeyro”, Braziliya), Naytan Nandes (“Boka Xuniors”, Argentina), Rodriqo Bentankur (“Yuventus”), Dieqo Laksalt (“Cenoa”, İtaliya), Federiko Valverde (“Deportivo”, İspaniya);

Hücumçular – Edinson Kavani (PSJ, Fransa), Luis Suares (“Barselona”, İspaniya), Kristian Stuani (“Jirona”, İspaniya), Maksi Qomes (“Selta”, İspaniya). 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com