Futbol üzrə dünya çempionatında (DÇ) D qrupunun iştirakçılarını təqdim edirik.
ÇıxışYolu.Com xəbər verir ki, “ölüm qrupu” adlanan bu qrupun iştirakçıları Argentina, İslandiya, Xorvatiya və Nigeriya milliləridir.
Argentina
İkiqat dünya çempionları sonuncu dəfə mundial qalibi olmağın sevincini əfsanəvi futbolçu Dieqo Maradona ilə 1986-cı ildə yaşayıblar. Lakin ən zəif vaxtlarında belə argentinalılar mundiallara favorit qismində göstərilib. Elə bu dəfə favoritlərdən biri Argentina millisidir. Lionel Messinin lideri olduğu komanda hələ ki ən yaxşı halda finala çıxıb. Bu da Braziliyada keçirilən ötən mundialda baş verib. “Roma”nın hücumçusu Dieqo Perotti və “İnter”in bombardiri Mauro İkardinin heyətə salınmaması çoxlarına təəccüblü gəlsə də, unutmayaq ki, komandanın hücum xəttində rəqabət çox böyükdür. İspaniya çempionu Messi, İngiltərə çempionu Serxio Aquero və İtaliya çempionları – Qonsalo İquainlə Paulo Dibalanın olduğu hücum xəttinə ancaq qibtə etmək olar. Şübhəsiz, bu qrup nə qədər “ölüm qrupu” adlandırılsa da, favorit Argentina millisidir və onların qrup ikinciliyindən söhbət gedə bilməz.
Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”, İngiltərə), Vili Kabalyero (“Çelsi”, İngiltərə), Franko Armani (“River Pleyt”);
Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”, İspaniya), Federiko Fasio (“Roma”, İtaliya), Nikolas Otamendi (“Mançester Siti”, İngiltərə), Kristian Ansaldi (“Torino”, İtaliya), Markos Roxo (“Mançester Yunayted”, İngiltərə), Nikolas Talyafiko (“Ayaks”, Hollandiya), Markos Akunya (“Sportinq”, Portuqaliya);
Yarımmüdafiəçilər: Ever Baneqa (“Sevilya”, İspaniya), Xavyer Maskerano (“Hebey Çayna Forçun”, Çin), Eduardo Salvio (“Benfika”, Portuqaliya), Lukas Bilya (“Milan”, İtaliya), Anxel Di Mariya, Covanni Lo Selso (hər ikisi PSJ, Fransa), Manuel Lansini (“Vest Hem”, İngiltərə), Maksimiliano Mesa (“İndependiente”), Kristian Pavon (“Boka Xuniors”);
Hücumçular: Lionel Messi (“Barselona”, İspaniya), Serxio Aquero (“Mançester Siti”, İngiltərə), Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”, İtaliya).
İslandiya
Sonuncu Avropa çempionatında özlərini debütant kimi aparmayan, qitə çempionluğuna namizədlərdən olan İngiltərə millisini uzaqlaşdıran, maraqlı azarkeş dəstəyi ilə dünya futbolun töhfə verən islandlardan bu dəfə sürpriz çıxış gözləyən az deyil. Baxmayaraq ki, komanda ilk dəfə DÇ-də iştirak edəcək. Üstəlik, nəzərə alaq ki, bu qrupda Xorvatiya və Nigeriya kimi II yerə namizəd komandalar var. Bu üzdən düşünürük ki, İslandiya bu mundialda yalnız gözəl futbolu və xoşagəlimli azarkeş dəstəyi ilə yadda qalacaq. Onu da qeyd edək ki, İslandiya millisi seçmə mərhələdə məhz xorvatlarla bir qrupda mübarizə aparıb və son turlarda komanda qrup liderliyini ələ keçirərək DÇ-yə birbaşa vəsiqə qazanıb.
Qapıçılar: Hanes Tor Haldorsson (“Randers”, Danimarka), Runar Runarsson (“Norşeland”, Danimarka), Frederik Şram (“Roskilde”, Danimarka);
Müdafiəçilər: Ari Skulason (“Lokeren”, Belçika), Herdur Maqnusson (“Bristol”, İngiltərə), Holmar Eyolfsson (“Levski”, Bolqarıstan), Kari Arnason (“Aberdin”, Şotlandiya), Sverir İnqason (“Rostov”, Rusiya), Raqnar Siqurdsson (“Rostov”, Rusiya), Samuel Fridyonsson (“Volerenqa”, Norveç), Birkir Sevarsson (“Valyur”);
Yarımmüdafiəçilər: Yohan Qudmunsson (“Börnli”, İngiltərə), Arnor Traustason (“Malmö”, İsveç), Aron Eynar Qunarsson (“Kardif”, İngiltərə), Olafur Skulason (“Karabükspor”, Türkiyə), Qilfi Siqurdsson (“Everton”, İngiltərə), Emil Halfredsson (“Udineze”, İtaliya), Birkir Byarnason (“Aston Vila”, İngiltərə), Ryurik Qislason (“Zandhauzen”, Almaniya);
Hücumçular: Byörn Siqurdarson (“Rostov”, Rusiya), Alfred Finboqason (“Auqsburq”, Almaniya), Yon Bedvarsson (“Redinq”, İngiltərə), Albert Qudmunsson (PSV, Hollandiya).
Xorvatiya
Zlatko Daliçin yetirmələri Argentina istisna olmaqla digərləri ilə müqayisədə heyətinə görə daha üstün görünür. Komandanın cəmi iki futbolçusu ölkə daxilində çıxış edir. Qalan futbolçular legioner karyerası yaşayır. Bu komanda hətta Argentinaya badalaq vurmağa da qadirdir. Artıq böyük turnirlərdə yetərincə təcrübə toplamış “damalılar”ın keçmişinə boylansaq, onların böyük komandalara çətinlik yaratdığının şahidi olarıq.
Qapıçılar: Lovre Kaliniç (“Qent”, Belçika), Daniyel Subaşiç (“Monako”, Fransa), Dominik Livakoviç (“Dinamo”);
Müdafiəçilər: Şime Vrsalko (“Atletiko” İspaniya), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), İvan Ştriniç (“Sampdoriya”, İtaliya), Tin Yedvay (“Bayer”, Almaniya), Deyan Lovren (“Liverpul”, İngiltərə), Dulye Kaleta-Kar (“Zalsburq”, Avstriya), Yosip Pivarik (“Dinamo”, Ukrayna);
Yarımmüdafiəçilər: Marselo Brozoviç (“İnter”, İtaliya), İvan Rakitiç (“Barselona”, İspaniya), Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real”, İspaniya), Milan Badel (“Fiorentina”, İtaliya), Filip Bradariç (“Riyeka”);
Hücumçular: Ante Rebiç (“Ayntraxt”, Almaniya), Marko Pyatsa (“Şalke”, Almaniya), Mario Mancukiç (“Yuventus”, İtaliya), Andrey Kramariç (“Hofenhaym”, Almaniya), Nikola Kaliniç (“Milan”, İtaliya), İvan Perişiç (“İnter”, İtaliya).
Nigeriya
1994 və 1998-ci illərdəki mundiallarda qrupdan çıxan və öz gözəl oyunu ilə diqqətləri öz üzərinə cəmləyən “Super Qartallar” bu turnirə bir neçə Afrika millilərini çalışdırmış alman Qernot Rorun başçılığı ilə gəlib. Komanda çox çətin qrupa düşüb. İngiltərə ilə yoxlama oyununun ikinci hissəsindən güclü rəqibindən üstün futbol nümayiş etdirən nigeriyalılar Viktor Mozes kimi səviyyəli, Con Obi Mikel kimi təcrübəli oyunçularına güvənir. Komanda bu qrupdan çıxsa, onlar üçün mundiala yaxşı geri dönüş sayılacaq.
Qapıçılar: Fransis Uzoho (“Deportivo”, İspaniya), İkeçukvu Ezenva (“Enyimba”), Daniel Akpeyi (“Çippa Yunayted”, CAR);
Müdafiəçilər: Vilyam Trust-Ekonq, Şehu Abdullahi (hər ikisi “Bursaspor”, Türkiyə), Tironne Ebuehi (“Benfika”, Portuqaliya), Elderson Eçiecile (“Serkl Brüqqe”, Belçika), Brayan İdovu (“Amkar”, Rusiya), Çidozie Avaziem (“Nant”, Fransa), Leon Baloqun (“Brayton”, İngiltərə), Kenet Omeruo (“Çelsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tiancin Teda”, Çin), Oqenyi Onazi (“Trabzonspor”, Türkiyə), Vilfred Ndidi (“Lester”, İngiltərə), Oqenekaro Etebo (“Stok Siti”), Con Oqu (“Hapoel” Beer Şeva, İsrail), Coel Obi (“Torino”, İtaliya), Viktor Mozes (“Çelsi”);
Hücumçular: Ahmed Musa (ÇSKA, Rusiya), Keleçi İheanaço (“Lester”, İngiltərə), Odion İqalo (“Çanqçun Yatay”, Çin), Aleks Ayvobi (“Arsenal”, İngiltərə), Simyon Nvankvo (“Krotone”, İtaliya).
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com