De Byazi ittihamlara cavab verdi – MÜSAHİBƏ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan yığmasının baş məşqçisi De Byazi Belçikaya 5:0 hesablı
məğlubiyyətdən sonra qalmaqallı açıqlama ilə yadda qaldı. O, məğlubiyyətin
səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq”
adlandıraraq tənqid hədəfinə tuş gəldi.
Həmçinin, milli komandamızın uğursuzluğu fonunda istər media, istərsə də
azarkeşlər italyan çalışdırıcının getməli olduğu barədə kütləvi paylaşımlar
etdilər.
De Byazi “Qafqazinfo”ya müsahibə verərək həm yığmamızın son dörd ildəki çıxışı
barədə fikirlərini bildirib, həm də jurnalistlərlə bağlı qalmaqallı
açıqlamasına aydınlıq gətirməyə çalışıb:
“Düşünürəm ki, bizim gördüyümüz işi dəyərləndirmək istəmirlər. Mən və
futbolçularım özümüzü hörmətsiz kimi hiss edirik. Estoniyaya səfərdə 0:2 hesabı
ilə qalib gəldiyimiz oyundan sonra jurnalistlərdən biri mənə deyir ki, bu nə
statistikadır? Baxmayaraq ki, biz qalib gəlmişdik. 2022-ci ildən dünənə qədər
bizim ortalama xal hesabımız 1,5-dir. Jurnalistlər bizi oxumurlar. Bəzilərinin
niyyəti pozitiv anımızda bizə neqativ ötürməkdir. Belçikadakı sözlər heç bir
jurnalistə qarşı hücum deyil.
Mən ümumi desəm də, bu, sadəcə, bir neçə nəfərə aid idi. Həmin vaxt mənim
qarşımda oturanlar haqqında danışmışam. Bəlkə də, tərcümədə hansısa səhv olub,
amma mən heç bir jurnalistə birbaşa “axmaq”, “gic” deməmişəm. Əgər kim ki
reallığı, inkişafı görmək istəmirsə, ona axmaq demişəm. Pozitiv anlarda neqativ
axtaranlara aid ola bilər. Belçikalı tərcüməçi xanım mənim dediklərimi
jurnalistlərə düzgün çatdırmayıb. İsveçlə matçdan qabaq da komandanın
inkişafını görməyənlərə eyni sözü demişdim. Heç vaxt heç kəsi təhqir etməmişəm.
Mən əsəbiləşə bilərəm, amma belə bir şey ola bilməz”.
İtaliyalı çalışdırıcı daha sonra Belçikaya 5:0 hesablı məğlubiyyətdən də söz
açıb:
“Bizim komandaya iki oyun oynamaq çox çətindir. Bərpa prosesi çətin keçir.
Güclü rəqibə qarşı səfərdə oynayırdıq. Onların heyətindəki oyunçular Avropanın
top-çempionatlarında çıxış edirlər”.
Müsahibəni videodan izləyə bilərsiz: