İlk dəfə minifutbol üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan millisinin AVRO-2018-dəki rəqibləri bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, qitə birinciliyinin keçiriləcəyi Ukraynanın paytaxtı Kiyevdə püşkatma keçirilib.
Yeni yaradılmış yığmamız ilk dəfə qitə birinciliyində iştirak edəcəyindən, Avstriya, Belçika və Albaniya ilə yanaşı sonuncu – V səbətdə yer alıb.
Püşkdən sonra sonra D qrupunda yer alan millimizin rəqiblərinin son dünya çempionu Çexiya, Macarıstan, Serbiya və Türkiyə yığmaları olduğu müəyyənləşib. Bunlardan Serbiya istisna olmaqla, digər üç rəqibimizin öz səbətlərinin ən güclü komandası olduğunu nəzərə alsaq, millimiz olduqca çətin qrupa düşüb.
Digər qruplarda isə vəziyyət belə olub: A qrupunda Ukrayna, Monteneqro, Slovakiya, İtaliya, Belçika, B qrupunda Rumıniya, İspaniya, İngiltərə, İsrail, Avstriya və C qrupunda Bosniya və Herseqovina, Qazaxıstan, Bolqarıstan, İrlandiya, Albaniya yer alıb.
Xatırladaq ki, Avropa çempionatı 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com