Dekabrda yaz havası: Risklərdən qorunmaq üçün nə etməli? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər hava şəraitinin fəslə uyğun keçməməsi aktual məsələlərdən birinə
çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətinin son bir həftə ərzində yaydığı gündəlik hava proqnozlarında Bakı və
Abşeron yarımadasında havanın temperaturunun gündüzlər müsbət 20 dərəcəyə yaxın
olduğu görülür. Regionlarda da kəskin soyuqların olduğu günlərin sayı elə də
çox deyil.
Maraqlıdır, belə anomal isti hava şəraiti insanların sağlamlığına necə təsir
edir? Orqanizmdə nə kimi fəsadlar yarana bilər? Bu cür hava şəraitində necə
qoruna bilərik?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən terapevt Nuranə Məhərrəmovanın
sözlərinə görə, hava şəraitinin isti olması mikrobların daha sürətli
yayılmasına səbəb olur:
“Qış aylarında insanların qapalı şəraitdə çox olması ilə əlaqədar viruslar
hədsiz dərəcədə çoxalır. Bununla yanaşı, insanlar xəstələnən zaman qoruyucu
vasitələrdən o qədər də istifadə etmirlər. Tutaq ki, şəxs qrip olan zaman maska
taxmadan, rahat şəkildə gəzə bilir. Bu, düzgün deyil.
Havanın isti olması da bir tərəfdən mənfi təsir göstərir. Soyuq havada
mikroblar daha tez ölür. Havanın isti olması mikrobların daha sürətli və geniş
şəkildə yayılmasına yol aça bilir. İnsanlar da virusmənşəli xəstəliklərə daha
çox yoluxurlar”.
Terapevt əlavə edib ki, anomal hava şəraiti kəskin başağrılarına səbəb olur:
“Hava şəraiti, xüsusilə meteohəssas insanlara təsir edir. Arterial təzyiqi ilə
problemi olanlara ciddi çətinlik yaradır, təzyiqləri qalxa bilir.
İnsanlar hava şəraitinə uyğun geyinməlidirlər. Qış fəslində qalın geyinmək
məqbul sayıldığı üçün çoxları temperatur göstəricilərinə, hava proqnozuna fikir
vermirlər. İsti geyim isə güclü tərləməyə səbəb ola bilir, sonra isə adamlar
soyuqlayırlar. Ona görə də artıq hava şəraitinə uyğun olaraq vəziyyəti
tənzimləmək lazımdır”.
Terapevt Abbas Bağırov isə əlavə edib ki, anomal hava şəraiti bədənin
adaptasiya proseslərinin pozulmasına səbəb olur:
“Dekabr ayı olmasına rəğmən, yaz havası hökm sürür. Bu, iqlim dəyişikliyi ilə
əlaqədardır. Anomal hava şəraitində bədənin adaptasiya funksiyasının
(uyğunlaşma) tənzimlənməsi prosesi təbii şəkildə icra oluna bilmir və pozulur.
Bu da öz növbəsində immun sisteminin zəifləməsinə səbəb olur. Ümumi mübadilə
prosesləri sona qədər getmir. Mövsümi xəstəliklərə yoluxma intensivləşir”.
Terapevt belə havada yuxu rejiminə diqqət etməyi məsləhət görür:
“Anomal hava şəraiti ürək-qan-damar sistemi, eləcə də endokrin xəstəlikləri
olan, qanın laxtalanması prosesində pozuntular olan, meteohəssas insanlara
mənfi təsir göstərir. İqlimin qeyri-təbii dəyişikliyi risk faktorlarını artırır.
Qorunmaq üçün optimal mühit seçilməlidir. Təbii, orqanizmin soyuğa və istiyə
öyrəşməsini tənzimləyən geyimlərə üstünlük verilməlidir. Sintetik geyimlərdən
istifadə etmək olmaz. İmmuniteti salan qida məhsullarından ümumiyyətlə uzaq
durmaq, yuxu rejimini tənzimləmək vacibdir. Vitamin və mineralları,
mikroelementləri rasionumuza salmalıyıq”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin bu gün yaydığı xəbərdarlığa
dəyişəcək, külək güclənəcək, arabir yağış yağacaq, havanın temperaturu ötən
günlərlə müqayisədə Bakıda və Abşeron yarımadasında tədricən 3-5, regionlarda
5-8 dərəcə enəcək.
Nəzrin Vahid