Delimitasiya probleminin həlli üçün əsas məsələ işğal altındakı səkkiz kəndin
qaytarılmasıdır – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
üzvü, deputat Arzu Nağıyev Azərbaycan və Ermənistan arasında delimitasiya
problemlərinin həlli üçün qarşıda duran əsas məsələnin işğal altındakı səkkiz
kəndin qaytarılması olduğunu bildirib.
O, “Report”a açıqlamasında deyib ki, Azərbaycanın işğal olunmuş kəndlərinin
ilkin mərhələdə dördünün qeyd-şərtsiz qaytarılması həyata keçirilməlidir:
“Bununla bağlı Ermənistan rəhbərliyi müvafiq açıqlama verdi və sonra
Ermənistanda radikal terror təşkilatı kimi tanınan, “Döyüş qardaşlığı” deyilən
qurum həmin kəndə özlərinin silahlı nümayəndələrini göndərdi. Onlar həbs
olundular. Buna görə terrorçular hətta polis idarəsinə hücum təşkil edib həbs
olunmuş silahdaşlarını geri almağa cəhd göstərdilər. Bu, çox ciddi məsələdir.
Ermənistan rəhbərliyi həmin dörd kəndi qeyd-şərtsiz qaytarmağa çalışır və bu
istiqamətdə də addımlar atır, müəyyən bəyanatlar verir. Qazaxın qalan üç kəndi
və Naxçıvanın Kərki kəndi isə danışıq predmetidir”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycanın dörd kəndi ilkin mərhələdə diplomatik
yolla qaytarılmasa, güc tətbiq oluna bilər:
“Artıq Paşinyan hakimiyyəti də bunu yaxşı anlayır. Düşünürəm ki, bütün
kommunikasiyaların keçdiyi əsas xətt məhz həmin ərazilərdə olduğundan proses
mütləq şəkildə həll edilməlidir. Bu ərazilər qədim Azərbaycan torpağıdır,
sadəcə, münaqişə başlayanda ermənilər tərəfindən işğal olunub. Əgər Ermənistan
müharibə istəmirsə, mütləq kəndlərimizi qaytarmalıdır. Bəhanələr irəli sürülür
ki, guya erməni vətəndaşlar bunu istəmirlər. Ermənistan ordusu özünü
biabırçılıqdan xilas etmək üçün inhisarındakı terror qruplaşmalarından istifadə
edir. Bu isə daxili gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmir”.
Qeyd edək ki, hazırda Azərbaycanın səkkiz kəndi Ermənistanın işğalı
altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara,
Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir.
Bunlardan dördü – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli
kəndləri eksklav hesab olunur.