cd20adb1-fa8d-4b86-992f-d04f24e65d46..jpg

Demoqrafik böhranla üzləşən Ermənistan: Əhalisinin sayı artmayan ölkə – ŞƏRH + FOTO

Baxış sayı: 525 dəfə baxılıb.

Demoqrafik böhranla üzləşən Ermənistan: Əhalisinin sayı artmayan ölkə – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqasının göstərişi, tapşırığı ilə fəaliyyət göstərməkdə davam etsə,
Ermənistanın başı çox ağrıyacaq. Ordusu Azərbaycan torpaqlarından qovulandan
sonra bu ölkənin rəhbərliyi yenə öz dövlətinin və əhalisinin (bu ölkə
ermənilərdən ibarətdir – red.) təhlükəsizliyinə, gələcəyinə, inkişafına, habelə
regional əməkdaşlığa üstünlük verməkdənsə, gözü yenə başqa əllərdə qalıb.

Bu ələbaxımlıq isə bütün sahələrdə olduğu kimi demoqrafiyaya da mənfi təsir
göstərir. Ölkə əhalisi baş verənlərdən, hikkəli, Türkiyə və Azərbaycana qarşı
düşmənlik yayan “ideoloqlardan”, Azərbaycana torpaq iddiasından, sabaha
ümidsizlikdən, perspektivsizlikdən bezib.

44 günlük müharibədən sonra 2021-ci il iyunun 20-də Ermənistanda keçirilən
növbədənkənar parlament seçkilərində revanşistlərin, müharibə tərəfdarlarının
məğlub olması sübut etdi ki, erməni əhalisi populistlikdən və xülyalardan
yorulub. Onlar sabitlik və təhlükəsiz şəraitdə yaşamaq istəyirlər. Daim
düşmənçilik hissləri ilə yaşamaq Ermənistan cəmiyyətinin psixoloji vəziyyətinə
kütləvi olaraq mənfi təsir göstərir.

Elə ermənistanlı mütəxəssislərinin fikrincə, ölkə əhalisi arasında dərin ümumi
ruh düşkünlüyü, laqeydlik müşahidə olunur.

Araşdırmalara əsasən, sakinlər mövcud reallıqdan qaçmağa cəhd göstərirlər.

Bildirilir ki, Ermənistan cəmiyyəti dəvəquşu mövqeyindədir. Onlar başlarını öz
işlərinə məşğul etməklə ətrafdakı hadisələrdən, reallıqdan təcrid olmağa
çalışırlar.

Ölkədə başlarını öz işlərinə qata bilməyənlər isə mühacirətə üz tutur.
Ermənistan əhalisinin sayı 30 ilə yaxındır artmır. Bu ölkədə ən yüksək
demoqrafik göstərici 2000-ci ildə olub. Həmin zaman Ermənistanın əhalisi 3
milyon 169 min təşkil edib. 2023-cü il iyulun 1-ə olan məlumata əsasən, ölkə
əhalisi 2 milyon 961 min 900 nəfər olub.

Yerli mütəxəssislərin qənaətincə, 2023-cü ildə Ermənistanın əhalisi 5,5 milyon
nəfər təşkil etməli imiş. Ancaq aparılan qeydiyyata əsasən, ölkədə 2 milyon 900
min nəfər qalıb. Onların fikrincə, real əhalinin sayı bundan da azdır.

Ermənistan demoqrafik sahədə yaranan böhranı xarici ölkələrdən köçənlərin
hesabına aradan qaldırmağa səy göstərir. Livan, Suriya, İran, Çin və başqa
ölkələrdən köçənlər isə bir qayda olaraq yeni problemlər yaradır.

Erməni sakinlər çıxış yolunu mühacirətdə görürlər. Adətən miqrantlar geri
dönmürlər.

Ermənistanda ordu sıralarında xidmət edənlərin sayında da kəskin azalma
müşahidə olunur. Buna da əsas səbəb olaraq mühacirət göstərilir. Ermənistan
parlamentinin deputatı Hayk Sarqsyan bildirib ki, son 9 ildə hərbi xidmətə
çağırışçıların sayı 44 faiz azalıb.

Onun sözlərinə görə, son 15 ildə çağırışçıların sayı ötən ilki göstərici ilə
müqayisədə azalıb: “Bu sahə hələ tənzimlənmir. Orduda xidmət etmək istəməyən
vətəndaşlar ölkəni tərk edir, vətəndaşlıqdan çıxırlar”.

Hayk Sarkisyan bildirib ki, 2010-cu ildə Ermənistanda 44 mindən çox çağırışçı
olub: “Sonrakı 9 ildə bu rəqəm 44 faiz azalaraq 24 minə enib”.

Bundan başqa, Ermənistan mətbuatının məlumatına əsasən, hətta Qarabağdan
könüllü olaraq Ermənistana köç edən ermənilərin 10 mini bu dözülməz şərait
səbəbindən qısa zamandan sonra ölkəni tərk edib.

2022-ci ilin yekunlarına əsasən, ölkədə doğum halları da azalıb. Ötən il 36
623 körpə dünyaya gəlib. Bu 2021-ci illə müqayisədə 270 körpə azdır.

Əhalinin sayının sabit qalması, yaxud azalması istənilən ölkə demoqrafiyası
üçün mənfi kimi qəbul edilir. Bütün istiqamətlərdə inkişaf edən bəzi ölkələrdə
də bu hal müşahidə olunur. Amma həmin dövlətlərdə bu, əsasən, doğum və nikah
sayının azalmasından baş verir. Ermənistan isə çətin sosial-iqtisadi şəraitdən,
əhalinin müharibədən bezməsindən, mühacirətin artması səbəbindən demoqrafik
böhranla üzləşib.

Qonşuları ilə münasibətləri normallaşmayınca Ermənistanın belə bir böhrandan
çıxacağı isə inandırıcı görünmür.

“Report” İnformasiya Agentliyi

Source link