Dörd günlük müharibə konkret hərbi meydanda getməsinə baxmayaraq, siyasi və diplomatik məkanda böyük rezonans doğurdu.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, 2000 hektar ərazinin səngər döyüşləri üçün əhəmiyyətini ordular qiymətləndirər, lakin on minlərlə etirazçının İrəvanda ayağa qalxması nəinki müstəqillikdən sonra, eləcə də, yüz ilə yaxındır davam edən kolonializmə böyük zərbə vurdu.
O qeyd edib ki, Moskva qarşısında təbəəlik göstərməyin heç də hər zaman mükafatla yekunlaşmadığı çoxlarına əyan oldu:
“Qafqazda bir deyil, iki dövlət qurmağa qalxmış bir xalqın böyük idealları elə həmin rus silahı ilə sarsılanda bir millətin on illərlə yaşamaq üçün uydurduğu epopeya ayaqlar altına atılmış oldu.
Rusiya prezidentini dünya çapında ittiham edənlərin cərgəsinə qoşularaq küçələrə axışanlar 25 illik formal azadlığın gətirdiyi köləlik buxovunu qırmağa çalışırdılar.
Aprel döyüşləri qafalarda kök salmış hami-satellit zəncirinin bir neçə həlqəsini məhv etdi.
Lakin müvazinətini düzəltmək üçün əl atılan vasitələr və paytaxtlar çox olmadığından Ermənistan yenidən taleyini sürətlə silahlanmada axtarmaqda davam edir.
Ona görə “Rusiyasız Ermənistan yoxdur” verdikti bir daha təsdiqlənir…”
Millət vəkili deyib ki, Böyük Vətən Müharbəsindəki qələbənin kölgəsində yaşaya bilməyən xalqlar dünən çiyin verdikləri səngər yoldaşlarına qarşı silah qaldırmağa məhkumdurlar:
“Atalar və oğullar müharibəsi təkcə bir xalqın içərisində deyil, həm də dövlətlər arasında gedir.
Ona görə də 2 aprel Azərbaycan üçün Böyük Vətən müharibəsinin başlandığı gündür!
Torpaq bütünlüyünü itirən bir millət mənəvi tamlığa heç vaxt çata bilməz.
Ermənilər cəmi min hektarlıq itkidən niyə boğulurlar?!
Çünki hər zaman böyük təhlükəsizlik zolağı təminatı altında yaşamağa məhkumluq onlar üçün milli mövcudluğun yegəna şərtinə çevrilib.
Qarabağın özündən üç dəfə artıq ərazilərin kölgəsinə sığınmaq yeni ərazilər ələ keçirmək iddiasından daha çox, uçuq damının altında sakit yaşamağa qarantiya deməkdir.
Ona görə 2 aprel Ermənistanda seçki günü kimi yadda qalmayacaq.
Çünki hansı yolla gediləcəyi bəllidir.
Xalq öz taleyindən uzaqlaşdırılanda hakimiyyəti başqa paytaxtda müəyyənləşdirirlər.
O üzdən 2 apreli simvollaşdıraraq onu milli müvazinətimizi düzəltməyə kömək edən iftixar və qürur hadisəsi kimi tərənnüm etmək lazımdır.
Sevilin atdığı qara çadradan sonra başlayan azadlığı kimi, ağılara, mərsiyə və göz yaşlarına bulaşan teatral libasımıza vida etməyin vaxtıdır.
Ordu hamınındır.
Əsgərin nüfuzundan hər kəsə pay düşür!
Qələbəni millət qazananda onu fərdlər istismar etməyə qalxmır.
Ataların məğlubiyyətini qılınclayıb keçmişlə savaşmaqdansa, gələcək uğurlar üçün döyüşmək gərəkdir!”
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com