“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və
riyakarlığın son həddidir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O xatırladıb ki, Avropa Parlamenti xristian birliyidir və müsəlman ölkəsinin
təəssübkeşliyini heç vaxt çəkməz:
“Ona görə də bu gün öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil
siyasət yürüdən Azərbaycan Avropa Parlamenti üçün lazım deyil. Onlara əzilmiş,
asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, özlərinin çirkin niyyətlərini
ölkəmizdə reallaşdıra bilsinlər. Bu baxımdan, Avropa Parlamentinin
qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament
tribunasının siyasi təzyiq üçün alətə çevrilməsinin göstəricisi hesab edirəm”.
Milli Məclisin üzvü deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin
mövzusu “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüquqlarının
pozulması və Ermənistanla münasibətlər” adlandırılır.
“Sual olunur, Avropa Parlamentinə Azərbaycanda vəziyyət nə vaxtdan maraqlı
olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal
olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır
düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımları törədiləndə, dini-mədəni
abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət
bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırırdıq və
Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar etdik. Amma onlar heç nə
baş verməmiş kimi qaldırdığımız məsələlərin üstündən səssiz keçdilər”, – deyə
deputat əlavə edib.
A.Badamovun fikrincə, Avropa Parlamenti Azərbaycanın öz ərazilərini geri
almağını, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş
məcburi köçkünləri öz doğma yurduna qaytarmağını həzm edə bilmir:
“Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT TŞ-nin qətnamələrini
icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan
avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş
hüquqlarından niyə danışmadı? O cümlədən, Birinci Qarabağ Müharibəsində itkin
düşmüş 4 min azərbaycanlının hüquqlarından niyə danışılmır? Həmin
azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilib,
işgəncələrə məruz qalmışdı. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra
qarşılaşdığı mina terroru haqqında danışan olmadı. Ermənilərin basdırdıqları
milyondan çox minaya düşərək həlak olmuş və ya xəsarət almış 400-ə yaxın
azərbaycanlının yaşamaq haqqının pozulması deyilmi? Mina terrorunun bu gün də
davam etməsi, minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün
Ermənistana niyə çağırış etmirsiniz?”
Avropa Parlamentinin riyakarlığının böyük olduğunu vurğulayan deputatın
sözlərinə görə, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının
milli maraqları da nəzərə alınmır:
“Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti verməsinə
baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji
sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və
Azərbaycandan qazın alınmasını dayandırılmasını deyirlər. Bu gün Azərbaycan
Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Avropa
Parlamenti Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağına
və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu
məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir”.
Azər Badamov onu da diqqətə çatdırıb ki, Avropa Parlamenti iqlim
dəyişiklikləri ilə bağlı COP29-u da siyasiləşdirməyə çalışır:
“Bu konfrans dünyanı baş verə biləcək təbii fəlakətdən qorunması üçün qlobal
həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə
eyniləşdirmək olmaz. Bu məsələ canlı aləmin gələcək mövcudluğu məsələsidir.
Amma avropalı parlamentariləri gələcəyin mövcudluğu maraqlandırmır. Özlərinin
gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət bir fikrin
ifadəsini gözləməməliyik. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və
digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və addımladığımız ədalətli
mövqeyimizdən heç vaxt çəkindirə bilməzlər”.