Deputat: Azərbaycan toyları əsəbləri korlamaq üçündür

Deputat: Azərbaycan toyları əsəbləri korlamaq üçündür

Baxış sayı: 3. 671 dəfə baxılıb.

Deputat: Azərbaycan toyları əsəbləri korlamaq üçündür

ÇıxışYolu.Com-ın müxbirinin suallarını millət vəkili, şair Tahir Rzayev cavablandırır: 

– Tahir müəllim, son illər nə qədər müzakirə olunsa da, müəyyən narahatlıq və narazılıqlar bildirilsə də, hələ də toy və yas mərasimləri ilə bağlı mövzu aktual olaraq qalır. Düzdür, yas mərasimləri ilə bağlı müəyyən addımlar atılsa da, toy mərasimləri ilə bağlı məsələdə adət-ənənələrimizdən sapmalar, israfçılıq, ifratçılıq və sair xoşagəlməyən hallar baş alıb getməkdədir. Müəyyən bir kəsimi çıxmaq şərtilə, böyük əksəriyyət bu məsələnin qanunla tənzimlənməsinin tərəfdarı kimi çıxış edir. Bəs bir millət vəkili, bir ziyalı, bir ədəbiyyat adamı kimi bu haqda nə fikirdəsiniz?

– Azərbaycan xalqı özünün tarixi, dili, təbii sərvətləri, görkəmli şəxsiyyətləri ilə bərabər, həm də milli-mənəvi dəyərləri, adət-ənənələri, mərasimləri ilə seçilir və tanınır. Çünki adət-ənənələrimiz, bayram və məclislərimiz xalqımızın mənəviyyatının, dünyagörüşünün, fəlsəfi, etik-psixoloji və ictimai təfəkkürünün bir göstəricisidir.

Əlbəttə ki, öz tarixini bilməyən, dilini sevməyən, təbii sərvətlərini qorumayan, tanınmış şəxsiyyətlərini dəyərləndirib örnək hesab etməyən bir xalqın xoşbəxt gələcəyi ola bilməz. Xalq həm də milli-mənəvi dəyərləri qorumağa, inkişaf etdirməyə, mərasimlərinin, bayramlarının hörmətini əziz tutmağa, hörmətli etməyə borcludur.

Onun üçün həm də zaman və məkan reallıqları, insanların maddi-mənəvi-psixoloji durumu, dövrün tələbi nəzərə alınmalıdır.

– Yəni, hesab edirsiniz ki, zaman dəyişdiyi kimi, insanların da hadisələrə, mərasimlərə, el şənliklərinə münasibəti dəyişə bilər…

– Tamamilə, döğrudur. Mən də belə düşünür. Çünki müasirləşməyə, yeniliyə, daha yaxşı yaşamağa, həyatda sərfəli, önəmli olanı seçib götürməyə cəhd zamanın tələbi olmaqla bərabər, həm də insanın arzusudur.

Mən elə bilirəm ki, biz babalarımızın çarıq geyib, arabada gəzib, yoxsul həyat keçirmələri ilə deyil, daha çox onların kişiliyi, mərdliyi, qəhrəmanlığı, alicənablığı, tələbkarlığı, zəhmətsevərliyi, uzaqgörənliyi ilə fəxr etməliyik.

Nənələrimiz daxmalarda yaşayıb, bahalı maşınlarda gəzməsələr də, özlərinə dəbdəbəli toy etməyib, qızıla-zərə bürünməsələr də, ancaq sədaqətli, namuslu, sadə, cəsarətli olmaları, ərlərinə məhəbbətləri ilə yüksək ada, hörmətə, ağbirçəkliyə sahib olublar.

Onlar bahalı imarətləri, saxta şan-şöhrəti, haram var-dövləti, yüngül həyatı deyil, ailəni, qohum-qardaşı, ata-ana nəsihətlərini, ərin şərəfini və namusunu hər şeydən üstün tutublar. Bu gün müstəqil Azərbaycanımızda milli-mənəvi dəyərlərimizi, nəcib adət-ənənələrimizi qoruyub-yaşadan, vətəndaşlığı, ləyaqəti, ədəb-ərkanı həyatının mənası kimi dəyərləndirən insanlar çoxdur.

Ancaq aramızda saxta şöhrətə, ada, yersiz ədəb-ərkana, bayağı, cansıxıcı həyata, süni görüntülərə uyanlar da az deyil.

Çox təəssüflər olsun ki, belələri nəzərə çarpmaq, kimlərdənsə fərqlənməq, geri qalmamaq, varını-dövlətini nümayiş etdirmək, dost-tanışlarına göstərmək üçün çox vaxt özləri süniləşdikləri kimi, adət-ənənələrimizi, xüsusilə toy və yas mərasimlərimizi də süniləşdirirlər.

– Tahir müəllim, o da var ki, mərasimlərimizi gözdən salan halların aradan qaldırılması üçün ictimaiyyət tərəfindən lazımi təşəbbüslər də göstərilmir…

– Çox təəssüflər olsun ki, bu, acı reallıqdır. Əksər insanlar bu gün toy dəvətnamələrinin səksəkəsi altında yaşayır. Bir gündə 3-4 toya dəvət olunan bir insanın düşdüyü vəziyyəti göz önünə gətirin. Birincisi, hər toyda iştirak etmək üçün xeyli pul vəsaiti lazımdır.

Digər tərəfdən, toylar insanın günlərlə vaxtını aparır. Ən başlıcası, toylardakı ab-hava, musiqi, davranış, yemək-içmək, dekorasiya, səs vasitələri, ifaçılıq milli toylarımızın ruhuna, demək olar ki, tamamilə yaddır.

Bəy və gəlin toy mərasiminə milli havalarımızın, gözəl “Vağzalı”mızın sədaları altında daxil olmalı olduğu halda, əksər hallarda ispan, italyan, rus, türk və sair melodiyalar altında gəlir və ağsaqqalarımızın, ağbirçəklərimizin, qarşısında elə abırsız rəqslər edib, hoqqa çıxarırlar ki, adamın üzü qızarır, əti tökülür. 

Bəy gəlini eybəcər şəkildə bağrına basanda, yaxud, dizlərinin üstündə oturdub fason göstərəndə, heç kimə macal verməyib toy boyu atılıb-düşəndə və gəlin də ondan geri qalmayanda, musiqiçilər bayağı havaları bir-birinə calayıb, qulaqları cingildədəndə, süfrədə bir-birinin üstünə qalaqlanan yeməklərin qoxusu iştahları pozanda, çığıra-çığıra danışan, oynayan insanların səsi müdhiş bir mənzərə yaradanda, nə edəcəyini bilmirsən. Necə olursa-olsun, toydan tez uzaqlaşmaq, qulaqlarına, əsəblərinə dinclik vermək istəyirsən.

Desəm ki, bugünkü Azərbaycan toyları şənlənmək, istirahət etmək üçün yox, əzab-əziyyət çəkmək, əsəbləri, səhhəti korlamaq üçündür, əksər insanlar mənimlə razılaşarlar. 

Keçmişdə toylarımıza bir-iki xanəndə dəvət edilər, az adda yemək verilər, el havaları çalınar-oxunar, bəylə gəlin ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duası altında yola salınardı. Bəs indi vəziyyət necədir?

Bu gün elə toylar var ki, həmin məclisə 25-30, hətta daha çox müğənni, musiqiçi dəvət olunur. Oxuyanların çoxu da 15-20 dəqiqə fonoqram yolu ilə atılıb-düşür və pulunu alıb gedir. Toylarımızda ancaq müğənnilərə verilən pulun miqdarı 30-40 min manatı ötüb keçir.

– Hətta toy mərasimlərimizə son illər xarici müğənnilərin dəvət olunması da artıq dəbə düşüb…

– Elədir ki, var. Həmin əcnəbi müğənnilər – rus, türk, ingilis ifaçıları bir çox hallarda toylarımızdan 100 min manatlarla pul qazanırlar. Ancaq çoxları onları ifasını düzgün başa düşmür, nə oxuduqlarını anlamırlar. Bu yaxınlarda tanıdığım bir nəfər mənə elə bir əhvalat danışdı.

Dedi ki, vəzifəli bir nəfərin oğlan toyunda respublikanın tanınmış 25-30 nəfər sənət adamı iştirak edib, toya şən əhval-ruhiyyə gətirməyə çalışsalar da, ancaq axırda bu, qız evini qane etməyib.

Onlar xarici müğənnilərin toya dəvət olunmamasını, qızlarına hörmətsizlik kimi qiymətləndiriblər. Bu əsnada münasibətlər korlandığına görə gəlin 20 gündən sonra bəy evini tərk edib və boşanmağa qərar verib. Bax, bu, əsl  nadanlıqdır!

Kənddə, rayonda yaşayıb, ancaq öz el-obamızda toy etməyi, qonşunu, kasıb qohumunu əziz məclisinə çağırmağı özü üçün əskiklik bilən, ayıb sayan və toy etmək üçün borca düşüb Bakının bahalı şadlıq evlərinə üz tutan insanları necə nadan adlandırmayım?

Ancaq övladlarımızın xoşbəxtliyi, gənclərin səadəti dəbdəbəli toylarla, təmtəraqlı şadlıq evləri, xarici ifaçılarla, çalıb-oxuyanların çoxluğu, yeməklərin bolluğu, iştirakçıların vəzifəsi ilə deyil, qarşılıqlı səmimiyyətlə, məhəbbətlə, sədaqətlə, ailə quranların bir-birini sevmələri və qiymətləndirmələri ilə ölçülür.

Bahalı, təmtəraqlı toy məclisləri, bəy və gəlini müşayiət edən çox qiymətli maşın karvanları, atəşfəşanlıq, dekorasiyalar, geyimlər, oyunlar, ifalar xoşbəxtliyin meyarı yox, əcaiblikdir. 

İnsanın özünün, öz malının, pulunun dəyərini  və qədrini  bilməməsidir. Yüngül şan-şöhrət yolunu tutmasıdır, başqaları ilə bəhsə girməsidir, özünü ucaltmaq yox, əslində, özünü alçaltmasıdır.

Mən dəbdəbəli toy edib borca düşən, müflisləşən, aldığı pulu illərlə geri qaytara bilməyib xəcalət çəkən, ürəkağrısı keçirən, hətta ev-eşiyini girov qoyan insanlar tanıyıram.

– Banklardan kredit götürüb təmtəraqlı toy edənlər də az deyil.

– Çox təəssüfləndirici bir haldır. Axı, bankdan aldığı pulu sonra necə ödəyəcəyini fikirləşməyən bəzi insanlar bir neçə saatlıq quru şöhrət xatirinə sonrakı bütün həyatlarını zəhərləyirlər. Əlbəttə ki, belə hallar ailə quran gənclərimizin də həyatından  yan keçmir və nəticədə bir çox gənc ailələr dağılır.

Hamımız yaxşı görürük ki, milli dəyərlərimizə yad olan hallar, meşşan həyat, ruhumuzu oxşamayan məclislər, saxta məhəbbətlər üzərində qurulmuş ailələr, saxta nikahlar və sair bizi xərçəng kimi içərimizidən yeyib-parçalayır.

Adımıza, mənliyimizə xələl gətirir, səhhətimizə, həyatımıza, büdcəmizə ziyan vurur. Ancaq buna son qoymağa çalışmırıq.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com