128f1316-3066-4fe5-ac90-15e0b2fd2b9b..jpg

Deputat: “Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmi daha da artacaq” – RƏY + FOTO

Baxış sayı: 866 dəfə baxılıb.

Deputat: “Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmi daha da artacaq” –
RƏY + FOTO

“Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

Bunu Cixisyolu.com-a şərhində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvüAydın Hüseynov deyib.

Deputat bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 9-cu
iclasın və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının
keçirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, sözügedən tədbir növbəti
mərhələdə Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmini daha da artıracaq:

“Ötən 15 il ərzində Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa
çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz
Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə
verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə
Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard
kubmetrdən çox qaz ixrac edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz
nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması yanacağın ixracı üçün
yeni fürsətlər yaradır. Razılaşmaya əsasən, Avropaya qarşıdakı illərdə daha
böyük həcmdə qaz ixrac ediləcək. Proqnozlara görə, 2023-25-ci illərdə ölkəmizin
qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20
milyard kubmetrədək artırıla bilər. Buna görə də TANAP-ın və TAP-ın buraxıcılıq
qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Cənub Qaz
Dəhlizinin genişləndirilməsini gündəmə gətirir”.

A.Hüseynov bildirib ki, son bir ildə regionda yaranmış yeni geosiyasi
reallıqlar enerji siyasətində bir sıra mühüm dəyişiklikləri də meydana çıxarıb.
Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti
daha da artır və enerji təhlükəsizliyi, həqiqətən, milli təhlükəsizlik
məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması
təşəbbüsləri artıb. Bu reallıqlar Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən
dövrdə keçirilmiş iclasından sonra bir sıra yeni tələbləri meydana çıxarıb.
Avropa regionuna yeni qaz ehtiyatları üçün tələblər də artır və bu vəziyyət
Azərbaycanın da rolunun artmasına səbəb olmaqda, Avropa İttifaqına daha böyük
həcmdə qaz ixrac etməsinə zərurət yaratmaqdadır. Bu baxımdan Cənub Qaz Dəhlizi
Məşvərət Şurası üzvləri rəsmi Bakı ilə əməkdaşlıq platformasının yeni
istiqamətlərini müzakirə etmək üçün paytaxtımıza toplaşıblar.

Millət vəkili onu da vurğulayıb ki, hazırda Azərbaycan alternativ enerji
mənbələri üzrə Avropa ilə sıx inteqrasiya proseslərində fəal iştirak edir.
Respublikamız yaşıl enerji layihələrinə qoşularaq regionda yeni enerji
marşrutlarının yaranmasında da təşəbbüskar mövqeyini ortaya qoyub:

“2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya
Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara
dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu
ixrac marşrutu Azərbaycanın yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə
çevrilməsini təmin edəcək. Eləcə də bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin
nüfuzlu “Masdar” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və
Günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədinin
imzalanması ortamüddətli dövrdə regional enerji layihələrinin həyata
keçirilməsinə və Azərbaycanın Şərqə enerji ixracına başlamasına səbəb olacaq”.

Aytac Qasımova

Source link