Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda bir neçə aydan sonra parlament seçkisinin olması gözlənilir”.
Modern.az saytına müsahibəsində Ədalət, Hüquq və Demokratiya Partiyasının
(ƏHDP) sədri, deputat Qüdrət Həsənquliyev belə iddia ilə çıxış edib.
Partiya sədri qeyd edib ki, seçki keçirilsə belə, yeni formalaşacaq
parlamentin beş il fəaliyyət göstərəcəyini düşünmür.
“Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra
bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin
rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı
151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin
formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində
yeni Konstitusiya qəbul olunmalıdır”, – deyə Q.Həsənquliyev əlavə edib.
Deputat daha sonra qeyd edib:
“Əslində seçki nə qədər tez olarsa, o qədər yaxşıdır. İnsanlar tam seçkiyə
köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki,
parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki,
seçkiyə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı
fraksiya yaratmağı hədəfləyirik”.
Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralın
9-da keçirilib. Parlamentin səlahiyyət müddəti beş ildir.