604e6529-9dbc-4749-b456-8ea407548cc8..jpg

Deputat: “Buça hadisələrini qınayanlar Xocalı soyqırımına göz yumurlar” – FOTO

Baxış sayı: 1. 675 dəfə baxılıb.

Deputat: “Buça hadisələrini qınayanlar Xocalı soyqırımına göz yumurlar” – FOTO

“Ukraynanın Buça şəhərində baş verənlər bizə tanış mənzərədir. Çünki Buça
hadisələri Xocalı soyqırımına bənzərdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Ermənistanın 1992-ci il fevral ayının 26-da Xocalıda dinc azərbaycanlılara
qarşı soyqırımı törətdiyini və etnik təmizləmə həyata keçirdiyini xatırladan
deputat vurğulayıb ki, dünya tarixində, bəlkə də, buna bənzər bir vəhşilik,
vandallıq və soyqırımı olmayıb:

“Çünki ermənilər Xocalıda xüsusi qəddarlıq və xüsusi amansızlıq ediblər.
Təəssüf ki, bunun qarşılığında Ermənistana indiyədək heç bir təzyiq
göstərilməyib və sanksiya tətbiq olunmayıb. Əksinə, Ermənistan bu gün BMT-nin
İnsan Hüquqları Şurasının üzvüdür. Digər tərəfdən ermənilər təkcə Xocalı
soyqırımını törətməyiblər. Onlar Azərbaycan xalqına qarşı digər soyqırımlar
törədib, Ağdabanda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində
xalqımıza qarşı etnik təmizləmələr aparıblar”.

Vətən müharibəsi dövründə ermənilərin Azərbaycanın yaşayış məntəqələrini və
dinc sakinlərini hədəf aldığını xatırladan deputat deyib ki, Ermənistan o zaman
da BMT-nin İnsan hüquqları Şurasının üzvü idi: “Döyüşlərin getdiyi ərazidən 100
kilometrlərlə aralıda xalqımıza qarşı növbəti soyqırımılar törətdilər. Onlar
Gəncəni, Bərdəni, Ağcabədini və digər yaşayış məntəqələrimizi xüsusilə gecə
saatlarında qadağan olunmuş raketlərlə atəşə tutub bombalayırdılar. Bizim dinc
şəhərlərimizi bombalayan, qətliamlar törədən bu ölkə BMT-nin İnsan hüquqları
Şurasının üzvüdür və bu heç kəsi narahat etmədi. Bu gün Buça kimi faciələrin
yaşanmasının səbəbi isə bir zamanlar Azərbaycana qarşı törədilmiş soyqırımlara
və qətliamlara görə ermənilərin cəzalandırılmamasıdır. Bunun nəticəsidir ki, bu
gün Buça kimi faciələr də törədilməkdədir”.

Qeyd edək ki, aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı
üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın
Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk
edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi,
işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks
olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif
ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib.
Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi
qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi
cinayətkarları ilə müqayisə edilib.

Source link