Ermənistanda baş verən iğtişaşlar gözlənilən idi. İşğalçı ölkədəki şiddətli etirazlar erməni xalqının Serj Sarkisyana qarşı haqlı narazılığının ifadəsidir. Çünki Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb.
Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı təzyiqləri artıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu fikirləri millət vəkili, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.
O bildirib ki, ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici dövlətlərə məxsus şirkətlərə satan Sarkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb.
Onun sözlərinə görə, bu, diaspor təşkilatlarından gələn ianələrin də dayandırılmasına səbəb olub.
Millət vəkili deyib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil:
“Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır.
İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə, şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır.
Belə olduğu halda, Serj Sarkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırıb və ölkə vətəndaşları artıq bu rejimə dözmək istəmir”.
Deputatın qeyd etdiyinə görə, işğalçı ölkədə ciddi iğtişaşlarla müşayiət olunan hadisələrin bu şəkildə cərəyan etməsində beynəlxalq ictimaiyyətin də rolu var:
“Belə ki, Ermənistanın işğalçılıq siyasətinə, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması bu gün müşahidə olunanlara rəvac verib.
Cəzasızlıq mühiti Sarkisyan hakimiyyətini şirnikləndirib, o, faktiki olaraq özünü islaholunmaz birisi kimi aparır.
Vaxtilə Ermənistan parlamentinin gülləbaran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com