Küçə uşaqları, dilənçilər gündən-günə gözəlləşən Bakımızın gözəlliyinə ciddi xələl gətirir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə parlament komitələrinin birgə iclasında deyib.
O qeyd edib ki, dilənçilər daha çox qaraçılar tərəfindən bu qanunsuz fəaliyyətə – fiziki istismara cəlb olunurlar:
“Bakımız da ölkəmiz kimi gündən-günə gözəlləşir, abadlaşır. Odur ki, küçə uşaqları, dilənçilər gözəlləşən Bakımızın ruhuna uyğun deyil. Onları küçələrimizdə görmək adama ağır gəlir və bu məsələ aidiyyəti orqanların diqqətində olmalıdır”.
Millət vəkili Elşən Musayev isə həmkarının dilənçilərlə bağlı fikirlərinə etiraz edib.
Millət vəkili bildirib ki, dilənçiləri, onların cinayətə təhrik olunmasını, fiziki istismara məruz qalmasını təkcə qaraçılarla əlaqələndirmək düzgün deyil:
“Bunu təkcə qaraçılara bağlamaq düzgün və ədalətli olmaz. Dilənçiliyə məcbur edilənlər arasında çoxları var ki, qaraçılar yox, tamam başqaları tərəfindən buna vadar, təhrik olunublar”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com