Deputat: “Dövlət Departamentinin qərəzli hesabatını kimin hazırladığı vacib
məqamdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə
bağlı növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycandakı dini
vəziyyət barədə də mövqe var. Təəssüf ki, Azərbaycana aid hissəsində əsassız,
reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara yer
verilib”.
Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov ABŞ Dövlət
Departamentinin hesabatına münasibət bildirərkən deyib.
O bildirib ki, hesabatın qeyri-obyektivliyinə dəlalət edən bir çox faktorlar
olsa da, burada ən vacib məqam hesabatın Azərbaycana aid hissəsinin dövlət
komissiyasının rəhbəri Daniela Aşbaxyan və onun komandası tərəfindən tərtib
olunmasıdır.
“O, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub və daim
ermənipərəst mövqeyi və fəaliyyəti ilə yadda qalıb. Əslində, hesabat dini
azadlıqların vəziyyəti barədə olsa da, dinlə heç bir əlaqəsi olmayan
məsələlərin qeyd olunması bir daha hesabatın siyasi məqsəd ehtiva etdiyini
sübuta yetirir”, -deyə millət vəkili əlavə edib.
Deputat qeyd edib ki, Ermənistan 30 illik işğal dövründə Qarabağdakı 60-dan
artıq məscidi, dini-mədəni obyektləri darmadağın edib, orada heyvan saxlayıb,
digərlərini isə kilsəyə çevirib.
“Biz postmüharibə dövründə beynəlxalq mətbuatı və ictimaiyyəti bu vəhşilikləri
əyani görmələri üçün dəfələrlə Qarabağa səfərə dəvət etdik. Hətta Ağdamı
görənlər şokda idilər. Lakin ABŞ Dövlət Departamenti 30 illik işğal dövründə
bir dəfə də olsun dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı
hesabatında bu faktları qeyd etməyib.
Dövlətimiz üçün bu sənəd, sadəcə, kağız parçasıdır. Vaşinqton bu günə qədər
belə qərəzli sənədlər, hesabatlar tərtib edib, bundan sonra da etməyə davam
edəcək. Lakin reallığın necə olduğu hər kəsə, o cümlədən ölkəmizlə bağlı
məlumatı olan xarici tərəfdaşlarımıza yaxşı bəllidir”, – deyə Müşfiq Cəfərov
fikrini yekunlaşdırıb.
Aysel Aslan