Gün eynəklərinin satışı ilə bağlı qadağa təklif olunur

Gün eynəklərinin satışı ilə bağlı qadağa təklif olunur

Baxış sayı: 2. 602 dəfə baxılıb.

Azərbaycanda eynəklərlə bağlı qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu nəzərdə tutulur.

Bu haqda ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

O, qeyd edib ki, bu məsələ neçə illərdir müzakirələrdə, gündəmdədir və artıq zaman yetişib ki, bu yöndə ayrıca qanunvericilik olsun.

M. Quliyev bu baxımdan da, artıq eynəklərlə bağlı “Optika haqqında” qanun layihəsinin ilkin variantı hazırlandığını söyləyib:

“Artıq yaz sessiyası başa çatıb. Növbədənkənar iclaslarda da bu məsələnin müzakirələrə çıxarılması yəqin ki, mümkün olmayacaq. Ancaq qarşıdan gələn payız sessiyasında bu məsələnin komitəmizdə müzakirəsi və ondan sonra yəqin ki, plenar iclasa tövsiyəsi mümkündür”. 

M.Quliyev vurğulayıb ki, ümumiyyətlə, bir çox ölkələrdə belə qanunlar var:

“Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir”.

Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır:

“Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com