Çörçil və Stalindən fərqli olaraq, Putin və Mey tarixi missiyalarını dərindən dərk edərək, razılaşmaya gəlməsələr, seçki prosesləri, demokratik prosedurlar və bu kimi son 50 ilin ictimai-siyasi nailiyyətləri bir andaca puç ola bilər.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Zahid Oruc Böyük Britaniya ilə Rusiya arasında yaşanan diplomatik-siyasi gərginliyə və bunun fonunda Rusiyada keçiriləcək dünya çempionatının təxirə düşəcəyi ehtimalına münasibətini bildirərkən deyib.
“Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanın səfirlik işçilərinin hamısını “kəşfiyyat xidmətinin görəvliləri” adlandırıb.
Deməli, bir azdan Sergey Skripal və onun qızının zəhərlənməsini bəyan edib, bunu Britaniyaya qarşı hücum kimi dəyərləndirmək perspektivi tamamilə realdır” – deyən millət vəkilinin sözlərinə görə, proseslər Rusiyadakı dünya çemionatının təxirə salınması üçün beynəlxalq kampaniyanın dərinləşəcəyindən xəbər verir.
O qeyd edib ki, əvəzində Rusiya prezidenti Vladimir Putin qarşıdakı president seçkilərdən sonra açıq-aşkar militarizm xəttini gücləndirib, Qərblə müharibə vəziyyətini elan edə bilər.
“Azərbaycanda prezident seçkilərinin önə çəkilməsi ölkə daxilindən qaynaqlanmayan, lakin beynəlxalq gərginliyin dinamikasına uyğunlaşdırılan bir prosesdir, onun düzgünlüyünə qarşıdakı aylarda hər kəs əmin olacaq.
İndi rəsmi Bakı bütün siyasi nəbzi tərəflərin onu özünə doğru çəkib müttəfiqə çevirməsinə yol vermədən vəziyyəti uğurla həll etməsinə yönəltməyə çalışır.
Deməli, Rusiya ilə qonşu dövlətlərin hamısı məlum şəraitdən itkisiz çıxmaq planları üzərində işləyir və burada dayanıqlı, sabit bir idarəetməyə malik olmaq çox önəmlidir.
Ancaq Çörçil və Stalindən fərqli olaraq, Putin və Mey tarixi missiyalarını dərindən dərk edərək, razılaşmaya gəlməsələr, seçki prosesləri, demokratik prosedurlar və bu kimi son 50 ilin ictimai-siyasi nailiyyətləri bir andaca puç ola bilər.
London və Moskva hamıya lazımdır.
Lakin üçüncü ölkələrdə toqquşma ənənəsi bu dəfə haradan baş qaldıra bilər, əsas sual bax budur.
İŞİD, Yaxın Şərq, Suriya təhlükəsi hələ sovuşmamış dünya yeni eraya qədəm qoyur.
Əsəb sistemini sıradan çıxaran “noviçok” qazı, yaxud seçkilərdə böyük platforma kimi təqdim olunan yeni nüvə başlıqları ondan xəbər verir ki, anqlo-saks dünyası slavyan aləminin yeni məkanlara doğru canatımını cihadla qarşılayacaq.
İndi cinahını seçməlisən – kimin tərəfində döyüşməli?
Bəli, hərənin öz seçkisi var…”, – deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com