Deputat: Məmurların bir hissəsi öz vəzifələrini “avtopilot”a qoyub

Deputat: Məmurların bir hissəsi öz vəzifələrini “avtopilot”a qoyub

Baxış sayı: 2. 322 dəfə baxılıb.

Deputat: Məmurların bir hissəsi öz vəzifələrini “avtopilot”a qoyub

“Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında iqtisadçı, millət vəkili Əli Məsimli deyib.

O qeyd edib ki, maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac duyulur.

Millət vəkili xatırladıb ki, həmkarı Vahid Əhmədovla illərdir ki, bu təklifi səsləndirir, amma hələ də bu istiqamətdə bir irəliləyiş yoxdur.

Ə. Məsimli belə bir qanuna bugünlərdə ölkənin enerji sistemində yaşanan ciddi problemlərdən sonra daha böyük zərurət yarandığını söyləyib:

“Son hadisələr belə bir qanuna böyük ehtiyac olduğunu bir daha göstərdi. Yəni, “Azərbaycan” İES-in tam təftişi və auditinin aparılması, bütün enerji sisteminin beynəlxalq aparıcı hesab edilən qurumlar tərəfindən təhlil edilməsi və təkliflərin hazırlanması mühüm aktuallıq kəsb edir.

Belə bir obyektiv təftiş və təhlil bu işdə günahı olanların obyektiv meyarlar üzrə aşkarlanması üçün çox vacibdir.

Təbii ki, elektrik enerjisinin verilməsində yaranan problemə görə bu işdə günahı olanlar cəzalanmalıdır. Bu sahədə obyektiv qərarların qəbul edilməsi məmurların məsuliyyət hissini bir qədər artırmış olar. Əsas məsələ isə problemi köklü sürətdə həll etməkdən ötrü və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlanması və sistemli şəkildə həyata keçirilməsidir. 

Həmin proqramın hüquqi təminatı kimi, 10 ildən artıqdır ki, dediyimiz “Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir. Eyni zamanda, dövlət vəsaitindən öz təyinatına və səmərəli istifadəyə görə nəzarət mexanizmi hazırlanıb həyata keçirilməlidir.

Strateji əhəmiyyət kəsb edən obyektlərin tikintisinə və onun mötəbərliliyinin yoxlanılmasına dünyada məşhur olan qurumların və mütəxəssislərin cəlb edilməsi praktikasından geniş istifadə olunmalıdır. Məmurların bir hissəsi öz vəzifələrini ləyaqətlə yerinə yetirir, bu kateqoriyaya aid məmurlar hər vasitə ilə təşviqləndirilməli və irəli çəkilməlidir.

Məmurların digər hissəsi isə ona tapşırılan vəzifəni “avtopilot”a qoyub öz şəxsi işləri, bilavasitə və ya əlaltıları ilə dolayı yollarla öz bizneslərini idarə etmək, genişləndirmək, özfəaliyyət sahəsi ətrafında görünməmiş acgözlüklə əcaib monopoliyalar yaratmaq və həm həmin sahənin gəlirlərinin daha çox hissəsini sümürməklə, həm də o sahənin rəqabətqabiliyyətli səviyyədə inkişafını tormozlamaqla məşğuldurlar.

Ona görə də bir sıra sahələrdə vacib dövlət işləri arxa planda qalır. Bu isə ekstremal şəraitlərdə ortaya çıxır. Bu, özünü Mingəçevirdəki “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlər zəncirinin bütün həlqələrində çox aydın göstərdi.

Bu hadisələr bir daha göstərir ki, məmurun fəaliyyəti şəxsi maraqlarının gerçəkləşdirilməsi vasitəsi kimi məddahlıq məharəti ilə yox, dövlətçilik təfəkkürü, səriştəsi ilə, gördüyü işin keyfiyyəti və səmərəlilik dərəcəsi ilə ölçülməli, bütün sahələrdə şəffaflıq və məsuliyyət artırılmalı, dövlət adamı ona tapşırılan sahə və fəaliyyət növünə görə şəxsən məsuliyyət daşımalıdırlar.

Bu baxımdan, adını qeyd etdiymiz qanun və ondan irəli gələn qanunlar mütləq qəbul edilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com