Deputat: Mehriban Əliyeva İlham Əliyevə bir nömrəli dayaqdır

Deputat: Mehriban Əliyeva İlham Əliyevə bir nömrəli dayaqdır

Baxış sayı: 8. 487 dəfə baxılıb.

Ötən il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezident təyin olunan Mehriban Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkəmizin inkişafı, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hakim partiyanın saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, Mehriban Əliyeva hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib: 

“Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstəriblər. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub”.

YAP İcra katibinin müavini vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti Azərbaycan dövlətinin maraqlarına söykənir: “Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmaz və uğurlu fəaliyyəti mühüm nəticələr verir. Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardandır. Bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul ediblər, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub”.

S.Novruzov xatırladıb ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr edib: “2017-ci ilin martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Bu, Mehriban xanım Əliyevanın yeni vəzifəyə təyinat aldıqdan sonra keçirdiyi ilk müşavirə idi. Mayın 30-da isə Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyuldu. Bu, Birinci vitse-prezidentin fəaliyyətində sosial məsələlərin və humanizm prinsipinin xüsusi yer tutduğunu göstərir”

Milli Məclisin komitə sədri onu da qeyd edib ki, Mehriban Əliyeva, həmçinin Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın sədr müavinidir: “Partiyanın güclənməsində, inkişafında xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevə bir nömrəli dayaqdır. Mehriban xanım Əliyevanın fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb”.

Siyavuş Novruzov deyib ki, Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfələr verib: “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində ilk Avropa Oyunları uğurla baş tutdu. Ötən il isə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi”.

YAP İcra katibinin müavini bildirib ki, Mehriban Əliyeva bundan sonra da ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycanın maraqlarını sonuna qədər müdafiə edəcək.

www.ÇıxışYolu.Com