Deputat: Milliyyətimizin azərbaycanlı adlandırılması düzgündür

Deputat: Milliyyətimizin azərbaycanlı adlandırılması düzgündür

Baxış sayı: 2. 742 dəfə baxılıb.

Təbii ki, hamımız, Azərbaycanda yaşayan insanların böyük əksəriyyəti türk əsilli, Azərbaycan türkləridir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, professor, Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü  Kamilə Əliyeva  prezidentliyə namizəd, ADP baş katibi Sərdar Cəlaloğlunun prezidentliyə namizədlərin martın 28-də İTV-dəki növbəti teledebatında “Prezident seçilsəm, Azərbaycan türklərinin adını özünə qaytaracam” sözlərinə münasibətini bildərərkən deyib.

O qeyd edib ki, Azərbaycan əhalisinin ən azı 90 faizi Azərbaycan türkləridir.

Onun sözlərinə görə, bu məsələdə heç kim mübahisə edə, gərəksiz müzakirə apara bilməz.

“Buna heç bir əsas və ehtiyac yoxdur.

Azərbaycan ta əzəlindən Azərbaycan, Oğuz türklərinin vətəni olub və bu gün də belədir.

Azərbaycan tarixən Türk Dünyasının, türklüyün önəmli bir parçası olub.

Bu yerdə qeyd edim ki, tarixən başımıza gətirilən bəlalar, soyqırımları, qan-qadalar da məhz türk olmağımızla bağlı olub.

Çoxları bunu həzm edə bilməyib və bu gün də belələri az deyil.

Amma bununla belə, biz azərbaycanlıyıq və milliyyətimizin azərbaycanlı adlandırılması da yanlış deyil, əslində, düzgündür. 

Azərbaycan Azərbaycan-Oğuz türklərinin vətəni olduğu kimi, uzun əsrlərdir bu torpaqlarda yaşayan və bizimlə doğmalaşan, əzizləşən insanların, digər xalqların, etnosların, etnik qrupların, mili azlıqların nümayəndələrinin də vətənidir.

Azərbaycan, bəlkə də, dünyanın yeganə və nadir ölkəsidir ki, burada tarixən nə milli, nə dini zəmində qarşıdurma olub, təbii ki, mən bu sıraya əsrlərdir türk, Azərbaycan düşmənçiliyi aparan və bu xəstə düşmənçiliyin girovuna çevrilən erməniləri nəzərdə tutmuram. 

Azərbaycan  bu gün dünyaya istər milli, istərsə də dini tolerantlıq baxımdan bir nümunə, modeldir.

Ona görə də milliyyətimizin azərbaycanlı adlandırılması düzgündür, məntiqlidir və indi bunu dəyişməyə elə bir ehtiyac, zərurət yoxdur.

Azərbaycanlı adlandırılmaqla, türk kimliyimizdən, türklüyümüzdən imtina etmirik ki?! Əsla!

Kökümüzlə, soyumuzla, ruhumuzla türkük, Azərbaycan, Oğuz türkləriyik.

Amma bununla belə, dediyim kimi, milliyyətimizin azərbaycanlı adlandırılması, azərbaycanlı olması ilə də fəxr edir, qürur duyuruq. 

Mərhum dövlət başçımız, müstəqil Azərbaycanın banisi və memarı Heydər Əliyevin daim fəxrlə və uca səslə dediyi bir kəlamı da bu yerdə xatırlatmağa dəyər:

Mən həmişə fəxr etmişəm, bu gün də edirəm ki, mən azərbaycanlıyam!”, – deyə K. Əliyeva əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com