Deputat: Müəllimlərə ucuz işçi qüvvəsi kimi baxırlar

Deputat: Müəllimlərə ucuz işçi qüvvəsi kimi baxırlar

Baxış sayı: 2. 475 dəfə baxılıb.

Bəzi icra başçıları, bəzi yerli icra hakimiyyətləri orta məktəb müəllimlərinin əməkhaqlarına barmaq uzadırlar.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, prezidentliyə namizəd Zahid Oruc deyib.

Bu yöndə fikirlərini martın 28-də, İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında dilə gətirdiyini bildirən Z.Oruc bu məsələnin narahatlıq doğurduğunu və yolverilməz olduğunu qeyd edib.

“Çıxışımda da qeyd etdiyim kimi, istər Heydər Əliyev dövründə, istərsə də son 15 ildə Azərbaycan təhsil sistemində böyük irəliləyişlər yaşanıb.

Müəllim hazırlayan ali təhsil ocaqları birləşdirilib, filiallar ləğv edilib.

Müəllmilərin  test üsulu ilə işə götürülməsində şəffaflıq təmin olunmaqdadır. Orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilir.

Bunun nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 420 manat civarındadır. Ali təhsil sistemində köklü dəyişikliklər baş verib, bunlar göz qabağındadır” – deyən millət vəkilinin sözlərinə görə, müəllimlərlə, xüsusilə, bölgələrdəki orta məktəb müəllimləri ilə bağlı narahatedici məqamlar hələ də qalmaqdadır.

“Onlardan da ən başlıcası bölgələrdə yerli icra hakimiyyətlərinin müəllimlərin əməkhaqlarına barmaq uzatmasıdır.

Çox təəssüflər olsun ki, bəzi yerli icra orqanları, bəzi icra başçıları müəllimlərin əməkhaqlarına barmaq uzadırlar.

Bu da azmış kimi, bölgələrdə müəllimlərə ucuz bir işçi qüvvəsi, fəhlə, sanitar kimi yanaşma halları mövcuddur.

Bu, yolverilməzdir. Azərbaycan müəlliminə ilk növbədə müəllim kimi münasibət olmalıdır.

Biz müharibədə qalib gəlmək istəyiriksə, ilk növbədə müəllimlər, təhsil ordusunu gücləndirməliyik”, – deyə Z. Oruc əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com