“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının Azərbaycanda keçirilməsinin çox böyük önəmi və əhəmiyyəti var.
Bu, böyük siyasi-diplomatik hadisədir və ölkəmizin dünyadakı yerinin, nüfuzunun növbəti göstəricisidir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Azərbaycan son illər nüfuzlu beynəlxalq tədbirlərə, forumlara, Zirvə görüşlərinə uğurla ev sahibliyi edir və Qoşulmama Hərəkatının nazirlər konfransının axırıncı toplantısı da bu yöndə deyilənlərin sadəcə, söz yox, konkret fakt olduğunu bir daha ortaya qoyur.
“Konfransda prezident İlham Əliyevin çıxışı tarixi və yaddaqalan oldu”, – deyən millət vəkili bildirib ki, ölkə prezidenti bir daha xalqımızın əsas və yeganə problemi olan Ermənistan-Azərbaycan münaqişəsini yüksək tribunadan dilə gətirdi, Ermənistanı bir daha təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməkdə, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olmaqda suçladı:
“Eyni zamanda, növbəti dəfə dünya birliyini, beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumları, münaqişə ilə bağlı qərar və qətnamə qəbul edib, amma onların icrasına nail ola bilməyən təşkilatları, vasitəçilik missiyası ilə məşğul olanları Ermənistanın destruktiv addımlarına seyirçi qalmamağa, ikili standartlara son qoymağa çağırdı.
O, çıxışında “təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb.
Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı. Yəni, biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həllinin tərəfdarıyıq”, – deyə bəyan etdi.
Həqiqətən də, münaqişənin ilk və daha qanlı illərində Ermənistana qarşı konkret təzyiq və təsir rıçaqları işə salınsaydı, ciddi sanksiyalar tətbiq olunsaydı, cinayətkar Ermənistan rəhbərliyi və hərbi-siyasi elitası bu qədər özbaşınalıq, qudurğanlıq, destruktivlik nümayiş etdirmək imkanında da olmazdı.
Amma hələ də gec deyil, dünya birliyinin, xüsusilə, həmsədrlərin imkanı və fürsəti var ki, Azərbaycanın, ölkə rəhbərliyinin bu haqlı tələbini nəzərə alsın, nəhayət, ədalətli mövqe sərgiləsin, Ermənistana gərəkən cəzanı verib, onu yerində oturtsun…”
Millət vəkili bildirib ki, ölkə prezidentinin də vurğuladığı kimi, yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur, yəni, bu nüfuzlu qurum dünyanın ən böyük təşkilatlarından biri kimi, dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır:
“Dövlət başçımızın da bəyan etdiyi kimi, Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.
Bu baxımdan, hesab edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olması çox önəmlidir.
Düzdür, Azərbaycan bu qurumda nisbətən yeni üzvdür, biz bu ailəyə cəmi yeddi il öncə, 2011-ci ildə qəbul olunmuşuq, buna baxmayaraq, dərhal bu təşkilatın və onun üzvlərinin dəstəyini hiss etmişik.
Konkret olaraq, bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı özünü göstərdi.
Bu, 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və Azərbaycan tərəfdaşlarının güclü dəstəyini hiss etdik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq quruma üzv seçilməsində həlledici rol oynadı.
Odur ki, belə bir quruma üzv olmaq, orada fəaliyyət göstərmək bizim üçün vacibdir və əhəmiyyətlidir.
Çox sevindirici haldır ki, Azərbaycan 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə isə Qoşulmama Hərəkatına sədrlik edəcək və bu missiyasını da uğurla yerinə yetirərək, həmin təşkilatın məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verəcək”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com