Türkiyə dövlətini Afrin zəfəri ilə bağlı təbrik edərkən hər kəsin beyni və ürəyi Cıdır düzünə doğru yol almalıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
Deputat qeyd edib ki, Afrinin mərkəzini nəzarət altına almaqla Türkiyə ordusu mənsub olduğu dövlətin regional gücünə böyük töhfələr verdi.
“Biz məhv edilən terroçuların sayını və dağıdılan istehkamları saymaq istəmirik. Əməliyyatın ən böyük nəticəsi məhz siyasi və təhlükəsizlik baxımından misilsizdir. Elə bu gün Türkiyə prezidenti Rusiyanın yeni prezidentini qələbə münasibətilə təbrik edəndən sonra Moskvadan eyni atəşli salyutu öz ünvanına gözləyəcək”- deyən, millət vəkilinin sözlərinə görə, çünki Rusiya və Türkiyə hərbi müttəfiqliyi təkcə Suriyanın gələcəyi üçün deyil, bütövlükdə regional geopolitikanın əsas məhək daşına çevrilməlidir.
“Bizlər isə şanlı Türk ordusunun qalibiyyətini həm də Azərbaycanın uğuru kimi qəbul edə bilərik.
Çünki qərar verilincə onu ilk müdafiə edən bizlər olduq.
Mehmetciklərin hava hücumu, artilleriya qüvvələrinin çox çətin relyefdə necə uğurla hərəkət etmələri, yerli xalqın dəstəyini qazanmaq üçün həyata keçirilən humanitar missiyalar həqiqətən də hərb sənətinin unudulmaz səlnamələridir və bizlər üçün örnəkdir.
Azərbaycan ordusu üçün Afrin əməliyyatı əyani dərslikdir, təkcə mənəvi fəxarət ünvanı deyil, həm də Türk igidləri ilə birgə qarşıdakı zamanda hər sətri öyrəniləcək döyüş tarixidir.
Nədənsə, Afrin mərkəzi adama Cıdır düzünü xatırladır.
Şəhidlərin ruhunu anmaq üçün əsgərlərin ifadə etdiyi əzəmətli raporu yaylım atəşin altında dinləmək hər kəsi qürurlandırır, güc və qüvvət verir.
Azərbaycan Afrin uğurunu işağal altında olan hər bir evi, kəndi, qəsəbəsi üçün təkrarlamağı bacarmalıdır.
Müasir dövrün müharibələri klassik savaşlardan çox fərqlidir.
Ona görə də Türkiyə dövlətini təbrik edərkən hər kəsin beyni və ürəyi Cıdır düzünə doğru yol almalıdır.
“Bir millət,bir ordu” olana qədər…Çanaqqaladan Cıdır düzünə çatanadək!” – deyə, Z. Oruc sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com