Hazırda Avropada islamafobiya baş alıb gedir. Amma Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin etmişdi. Cümhuriyyətin qurulmasını od içində dirçəliş hesab edirəm.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.
Onun dediyinə görə, mərhum dövlət başçısı Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu:
“Biz imperiyalar yaradan xalqıq. Lakin Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə türk, rus, ərəb, ingilis, ispan, italyan, gürcü və sair dillərdə kitablar ortaya qoymuşuq”.
Y.Mahmudov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar:
“Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Mən BDU-nun Tarix fakültəsinin dekanı olan zaman Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb. Biz məsələni araşdırdıq. Dəfələrlə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşdük, sənədlərlə tanış olduq və daha sonra Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın.
Ümumiyyətlə, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. “Cümhuriyyət İli” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını çap etdirib”.
Akademik həmçinin qeyd edib ki, Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil:
“Cümhuriyyət dövründə parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş , ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdi…”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com