c737cacc-16c1-428c-84ef-13d2d9ef9300..jpg

Deputat: “Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük”

Baxış sayı: 2. 274 dəfə baxılıb.

Deputat: “Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük”

“Qazaxıstanda qiymət artımlarına qarşı başlanan etiraz aksiyaları qlobal hal
almağa başladı. Biz görürük ki, proseslər idarəolunmaz hala keçdi. Toqquşmalar
nəticəsində hüquq-mühafizə orqanları və mülki insanlar arasında ölənlər var”.

Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Qazaxıstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk
edib.

Onun bu vəzifədəki səlahiyyətini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz
üzərinə götürüb.

Tokayev iğtişaşların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.

Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir,
digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.

Deputat Vüqar İskəndərov düşünür ki, hadisələr qlobal güclər, beyin mərkəzləri
tərəfindən diqqətlə izlənilir.

Millət vəkili bildirib ki, maye qazın qiymətlərinin bahalaşması ilə başlanan
aksiyalar iğtişaşa çevrilib.

Milli Məclis üzvünün sözlərinə görə, Qazaxıstan hakimiyyəti etirazçıların
tələbini nəzərə alsa da, hadisələrin sonrakı gedişatı onu göstərdi ki, bir neçə
dövlətin hadisələrdə maraqları var.

“Biz dəfələrlə belə iğtişaşların şahidi olmuşuq. Bunlar uzaq tarixdə olmayıb.
Bu cür iğtişaşlardan sonra hansı dövlətdə hansı hadisələrin baş verdiyinin
şahidi olmuşuq – qeyri-sabitlik, torpaqların işğalı, insanların maddi durumunun
bərbadlığı və sair”, – deyə Vüqar İskəndərov əlavə edib.

Dostluq qrupunun üzvü bildirib ki, Azərbaycan dost Qazaxıstana sülh və
əmin-amanlıq arzulayır:

“Biz Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük. Bunun
əlamətləri müşahidə edilir. Bu hadisələrin arxasında hansı dövlətlərin
dayandığını konkret adlar çəkərək söyləmək hələ tezdir. Biz hər bir anı
diqqətlə izləyirik. Arzumuz budur ki, iğtişaşlara son qoyulsun”.

Aqşin Kərimov

Source link