Deputat: Quldarlıq quruluşunda heç bu qədər boşanma yox idi

Deputat: Quldarlıq quruluşunda heç bu qədər boşanma yox idi

Baxış sayı: 2. 856 dəfə baxılıb.

ÇıxışYolu.Com-ın müxbirinin suallarını Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cavablandırır:

– Musa müəllim, bu günlərdə parlamentin Səhiyyə komitəsində transplantasiya ilə bağlı qanuna dəyişikliklərinin geniş müzakirəsi oldu. Adıçəkilən qanunda daha hansı dəyişikliklər ola bilər? Komitə sədri Əhliman Əmiraslanov son dəyişikliklərin hələ tam olmadığını, bunun davamının olacağını da bildirib.

– Qanun layihəsi üzərində iş davam edir.

Nəzərdə tutduğumuz əsas dəyişikliklər meyitdən orqan, toxuma götürülməsi və resipiyentə köçürülməsi işinin təşkilinin hüquqi bazasını möhkəmlətmək istiqamətində yeni maddələrin layihəyə əlavə olunmasıdır.

Bu müddəalar donor orqanın götürülməsi, saxlanılması, daşınması qaydalarını tənzimləməli, donor orqan götürüləcək klinikalara və tibb heyətinə olan tələbləri müəyyən etməli, donorların, resipiyentlərin, donor orqan və toxumaların reyestrinin yaradılması, donorluq və transplantasiya işinin bütün respublika ərazisində əlaqələndirilməsi üçün Koordinasiya mərkəzinin yaradılmasının hüquqi əsasları və qaydaları nəzərdə tutacaq.

– Özünüz də çıxışınızda qeyd etdiniz ki, “ölü dönor” la bağlı bağlı məsələdə “qohumlar problemi” var. Bu məsələdə hələ ki tam razılıq əldə olunmayıb. Bu məsələdə razılıq əldə olunacaqmı, olunmasa, bəs necə olacaq?

– Dünyada transplantasiya sahəsində bu məsələ ən çox müzakirə olunan mövzulardan biridir.

Əvvəla “meyit”, “ölü donor”, yaxud, komitə iclasında təklif olunduğu kimi “beyin ölümü keçirən şəxs” terminlərindən hansı bizim ölkəmiz üçün məqbuldur və bu məsələ də müzakirə mövzusudur. Bəzi ölkələrdə “Gadabra” termini işlənir ki, bunun da dilimizdə anlamı elə “meyit” deməkdir.

Beyin ölümü diaqnozunun qoyulması da məsuliyyətli işdir. Bunun kriteriyaları hazırlanıb təsdiq olunmalı, beyin ölümü diaqnozunu qoyan həkim konsilium heyətinin tərkibi təyin edilməlidir.

O ki qaldı ölmüş şəxsin orqanlarının donorluq məqsədi ilə götürülməsinə, dünyada müxtəlif yanaşma təcrübəsi var.

1. Əgər şəxs sağlığında öz orqan və toxumalarının götürülməsinə razılığını yazılı surətdə vəsiyyət edibsə, onun qohumlarının razılığı tələb olunmadan cəsədindən donor kimi istifadə olunur.

2. Əgər şəxs sağlığında cəsədindən donor kimi  istifadəni qadağan edən vəsiyyətnamə qoyubsa, onun orqanlarından heç bir halda (qohumları təkid etsə belə) donorluq məqsədi ilə istifadə edilə bilməz!

3. Əgər şəxs sağlığında ölümdən sonra orqanlarının donorluq məqsədi ilə götürülməsi barədə yazılı bilgi qoymayıbsa, ölüm anında onun yanında olan, yaxud, ilk gələn yaxın qohumlarının (arvadı (əri), valideyinlərindən, yaxud övladlarından biri) birinin yazılı razılığı kifayətdir ki, orqanlar donorluq üçün götürülsün.

Bu, hər şeydən əvvəl bir insanlıq, mənəviyyat və mədəniyyət məsələsidir. Əgər biz həqiqətən ölkədə donorluğu bir həyatverici missiyaya çevirmək istəyiriksə, bu yolla getməliyik.

Burada ziyalılarımızın, nüfuzlu şəxslərin, xüsusən din xadimlərinin mövqeyi çox önəmlidir.

– Ümumiyyətlə, Azərbaycanda orqan və toxuma transplantasiyasına ehtiyacı olan nə qədər insan, xəstə var?

– Belə bir statistika, bizdə təəssüf ki, aparılmır. Dünya təcrübəsi göstərir ki, hər 1 milyon nəfərə ildə dünya üzrə 130-140 qaraciyər və böyrək köçürülməsi baş verir. O məntiqdən çıxış etsək, 10 milyon əhalisi olan bir ölkədə ildə 1300-1400 nəfərin qaraciyər və böyrək köçürülməsinə ehtiyacı ola biləcəyini söyləyə bilərik. Amma, bu, sırf ümumiləşmiş riyazi yanaşmadır.

Ayrı-ayrı ölkələrdə tamamilə fərqli göstəricilər ola bilər: xəstələnmə səviyyəsi, əhalinin yaş tərkibi, həyat tərzi, diaqnostikanın vəziyyəti, tibbi xidmətlərə əlçatanlıq və s. kimi faktorlar bu göstəriciyə əhəmiyyətli dərəcədə təsir edə bilər.

– Yeri gəlmişkən, həmin iclasda “Tibbi optika haqqında” yeni qanun layihəsinin də ilkin dinləmələri keçirildi və dinləmələr zamanı Azərbaycana 10 milyon insana cəmi 25 optik mağazanın düşdüyü bildirildi, hansı ki, dünyada on min nəfərə bir optik mağaza düşür. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, bu problem necə çözüləcək?

– Hesab edirəm ki, bu məsələdə ölkəmizdə ciddi bir problem yoxdur. İxtisaslaşmış optika mağazalarının azlığını apteklərdə optika bölmələri kompensasiya edir. Hər halda bu gün  “eynək tapa bilmədim” – deyə, şikayət edən yoxdur. Hər kənddə optika mağazası açmağa da ehtiyac yoxdur. 

Fikrimcə, əsas problem görmə qüsurlarının vaxtında aşkar edilməsi, müalicəsi, korreksiyası, o cümlədən, eynəklərin keyfiyyəti və qiyməti məsələsidir.

– Musa müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Son illər ailə-məişət zorakılığı ilə bağlı məsələlər ətrafında coxsaylı müzakirələr aparılsa da, bu yöndə dövlət, parlament tərəfindən addımlar atılsa da, problem yenə də ortadadır. Bu məsələnin çözümü ilə bağlı daha hansı addımlar atılmalıdır ki, vəziyyət normala düşsün?

– Bu, yeni bir problem deyil və vahid həll düsturu da yoxdur. Adəm babamız nə qədər ki, tək idi, cənnətdə yaşayırdı, elə ki evləndi, daha cənnətdə yaşayası olmadı (gülür).

Ailə-məişət problemlərini doğuran səbəblər müxtəlifdir.

Maddi, sosial, psixoloji, mənəvi-əxlaqi  problemlər, mədəni-intellektual səviyyələrdəki fərq, valideyinlərin və yaxın qohumların müdaxiləsi ailədaxili çatlar yaradır və vaxtında korreksiya edilmədikdə, bu çatlar dərinləşir və ailənin divarı uçulur, damı dağılır. Uçqunlar altında isə ən çox balaca uşaqlar qalırlar.

Bu səbəblər vaxtında müəyyənləşib aradan qalxmayanda konflikt dərinləşir, psixoloji gərginlik fiziki şiddətə, bəzən də cinayətə gətirib çıxarır. Və bu təkcə bizim ölkəmizin problemi deyil.  Demokratik-hüquqi sivil dünya deyilən toplumun problemidir.

Problemsiz ailə yoxdur, sadəcə, problemi çözə bilən və çözə bilməyən ailələr var.

Mən cəmiyyətin və dövlət orqanlarının ailə problemini çözə biləcəyinə inanmıram. SSRİ kimi nəhəng, güclü bir imperiya yaradan, kommunist partiyasını bir sistem kimi az qala dünyanın yarısında oluşduran Stalin öz ailəsini xoşbəxt idarə edə bilmədi: arvadı intihar etdi, oğlu əyyaş oldu, qızı ölkədən qaçdı.

Ailə möhkəm mənəvi özül üzərində qurulmalıdır. Özülsüz ailənin dözümü də olmur!

Əgər ailədaxili mənəvi dəyərlər deqradasiya edibsə, o ailəni kiminsə, yaxud,nəyinsə xətrinə saxlamağın da mənası yoxdur. Bəzən soruşurlar ki, Sovet hökumətində bu qədər boşanmalar yox idi. Doğrudur. 

Sovet quruluşu bir kommuna sistemi idi. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün şüarını xatırlayırsanmı?

Həmin tayfa – qəbilə dövrünün qaydaları cəmiyyəti insanın üzərində nəzarətçi təyin etmişdi. O dövrdə cəmiyyətin hüququ şəxsin hüququndan üstün sayılırdı.

İctimai qınaq, kollektiv məhkəmələri, qohum-qonşu töhməti, “partbilet”in alınması qorxuları, milisin birbaşa müdaxiləsi ailədaxili məsuliyyəti artırmaqla yanaşı, həm də münaqişələrin alovlanmasına imkan vermirdi.

O vaxt cəmiyyət boşanmış kişilərə və qadınlara, hətta, onların tayfalarına belə yaxşı baxmırdı.

O qaydalar boşanmaları azaltmışdı, amma ailə daxili xoşbəxtliyi artırmamışdı. İndi isə sivil dünya, o cümlədən, bizim qanunlarımız şəxsin hüququnu cəmiyyətin hüququndan üstün sayır.

Cəmiyyət şəxsin həyatına nəzarətçi ola bilməz. İnsan xoşbəxtliyinin ən birinci şərti onun azadlığıdır. Heç quldarlıq quruluşunda da bu qədər boşanma yox idi. Qadının ailədə hüququ isə qul hüququndan fərqlənmirdi.

Azad dünyanın isə öz tələbləri var: hər kəs öz seçimini özü etməlidir, ya münaqişəli ailədə QUL kimi ömür zürməli, ya da ayrılıb DUL kimi yaşamalıdır.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com