Deputat: Reklamlar vətəndaşın mənafeyinə xidmət etməlidir

Deputat: Reklamlar vətəndaşın mənafeyinə xidmət etməlidir

Baxış sayı: 2. 866 dəfə baxılıb.

Sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir. Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maaarifləndirmədə xüsusi yeri var.  Amma biz onları, təəssüf ki, nadir hallarda görürük.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili bu yöndə parlamentin komitə və plenar iclaslarında da təkliflərini səsləndirdiyini xatırladıb.

O,  açıqlamasında bir daha sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, həmin reklamların tez-tez yayımlanması məsələsi çox vacibdir.

Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili deyib ki,  televiziyalar sosial reklamları tez-tez  yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər.

Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən Q. Paşayeva Azərbaycanda da sosial reklamlarla bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb:

“Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərinin, təhsilin ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalı, tez-tez yayımlanmalıdır”.

Millət vəkili  bəzi xarici və yerli ölkə həkimlərinin, bəzi tibb müəssisələrinin doğru olmayan reklamı zamanı əhalinin aldadıldığına da diqqət çəkib:

“Parlamentdə çıxışımda da vurğuladığım kimi, elə xəstəliklər var ki, onların müalicəsi asan deyil.

Yəni, həkim hələ xəstəni görmədən reklam edərək, insanlara “filan-filan xəstəliklərdən qısa zamanda tam xilas olmaq istəyirsənsə, filankəs həkimə, filan klinikaya müraciət et” kimi reklamlardan sonra xəstələr qısa zamanda o xəstəlikdən xilas xilas ola bilməyəndə, ciddi narazılıq və inamsızlıq başlayır.

Dünyanın inkişaf edən ölkələrində həkimlərin və klinikaların bu formada reklam olunmasına icazə verməzlər.

Bu cür reklamlar insanları doğru bilgiləndirəcək şəkildə qurulmalıdır.

Bizdə də bu, məhz belə tənzimlənməlidir.

Biz onların reklam olunmaq istəyinə qarşı deyilik, amma reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun.

İnanıram ki, bu təkliflərim gələcəkdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində nəzərə alınacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com