Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir. Qlobal imperializm hazırkı mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir.
Bunun üçün ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, dünyada terrorun forma və növləri hamıya məlumdur. İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb.
Onun sözlərinə görə, hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir:
“Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar.
Həmin ölkələr hazırda siyasi “teatrlar” düzəldirlər. Belə ki, xarici ölkələrin birində vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən, həmin şəbəkə eyni vaxtda dövlətimizə qarşı siyasi “teatr” təşkil etdi.
Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi “teatrlar” ölkəmizə transfer edilərək siyasi drama çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperializmin milli dövlətlərə hücumudur”.
Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik korpuslarımız bu istiqamətdə fəaliyyətə başlamalıdır:
“Milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir.
Transmilli şirkətlər olan “Facebook”, “Twitter”ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir.
Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com