Deputat: Sosial şəbəkə az qala hər kəsi bloqerə çevirir

Deputat: Sosial şəbəkə az qala hər kəsi bloqerə çevirir

Baxış sayı: 2. 536 dəfə baxılıb.

Sosial şəbəkə az qala hər kəsə sərbəst jurnalistə, bloqerə çevrilmək imkanı verir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Sosial şəbəkələrdən istifadə azadlığından sui-istifadə nəticəsində arzuolunmaz halların meydana çıxdığını vurğulayan R.Hüseynov deyib ki, sosial şəbəkə az qala hər kəsə sərbəst jurnalistə, bloqerə çevrilmək imkanı verir:

“İstədiyini yaz, istədiyin süjeti çək, hazırla və sosial şəbəkələrdə yerləşdir. Saniyələr sonra sənin informasiyan bütün dünyada yayıla bilər. Lakin sənin bu sərbəstliyin hansı peşəkar səviyyədə icra olunur, başqalarının hüquq və azadlıqlarına nə dərəcədə riayət edir, bu, artıq mübahisəlidir.

Bu baxımdan, jurnalistin, jurnalist işini yerinə yetirən şəxsin və ya jurnalistika pərdəsi arxasında gizlənən pozucunun fəaliyyətində ifadə azadlığı ilə ifadə sərbəstliyinin qətiyyən eyni şey olmadığı aşkarlanır. Çünki məhz bu cür sərbəstliyin, nəzarətsizliyin bəzən ifadə özbaşınalığına çevrilməsinin, söyüş, təhqir, təhdid jurnalistikasının da ayaq açmasının, mətbuat terrorunun yaranmasına gətirib-çıxarmasının şahidi olmuşuq. 

Dünən jurnalistikanın ifadə azadlığı baxımından ən birinci qorxusu siyasi təzyiqlər idisə, indi iqtisadi mexanizmlər daha artıq təzyiq vasitəsinə çevrilib. Çox zaman mətbuat siyasətini yerinə görə iri oliqarxlardan başlamış nəhəng maliyyə resurslarına malik olan iri şirkətlər, konsernlər, iqtisadi güclər müəyyən edir.

Onlar mətbuatı birbaşa yönəltmək bacarıqlarını ortaya qoyurlar. Bir ölkənin ən nüfuzlu, dünyada təsdiqlənmiş informasiya agentliyinə, qəzetinə, jurnalına digər xarici ölkədəki iqtisadi güc göstəriş verir, tapşırıq yerinə yetirilir”.

Komitə sədrinin fikrincə, jurnalistika tədricən həqiqətə xidmət edən qüvvədən məqsədlərə xidmət edən qüvvəyə çevrilir, daha doğrusu, çevrilib.

“Mən mətbuata hələ məktəbli olarkən gəlmişəm və artıq fasiləsiz olaraq onillərdir ki, jurnalistikadayam. Sovet dövrünün siyasi senzurasını və o senzuradan da betər mühafizəkar redaktorluq sistemini görmüşəm, neçə illər “Azadlıq” radiosunun müxbiri, “Amerikanın səsi” radiosunun xüsusi müxbiri işləmişəm. Yəni, keçmişlə bu günü həm lokal, həm beynəlxalq səviyyədə ən azı öz şəxsi təcrübəm əsasında müqayisə etmək imkanım var.

Keçmişə nisbətən jurnalist sözünün meydanı indi həddən artıq genişdir. Lakin keçmişdə maneəmiz yalnız siyasi senzura idi və onu da üstüörtülü yazmaqla müəyyən qədər aşmaq olurdu. İndi senzura vəzifəsini yerinə yetirən aşkar və örtülü maneələr ağla gələ biləcəkdən də çoxdur”, – deyə R.Hüseynov qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com