Deputat: “Torpağa qayğının azalması bahalaşmaya səbəb ola bilər” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qanunvericilikdə qeyd olunub ki, torpağı icarəyə götürdükdən sonra üç il
əkib-becərmirsənsə, səndən alınıb başqasına verilməlidir. Amma faktiki olaraq,
heç kimin pay torpağı əlindən alınmır. Ünvanlı sosial yardım üçün müraciət
edəndə kiminsə adında pay torpağı olduğuna görə müavinətdən məhrum edilir.
Bəs görəsən, bu qayda hansı şəkildə tənzimlənməlidir? Pay torpaqları təyinatı
üzrə istifadə edilmədikdə niyə alınmır?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayevin
sözlərinə görə, icarəyə verilən torpaqlar əgər uzun müddət istifadəsiz qalarsa,
alınıb digər adamlara icarəyə verməlidir:
“Torpaq mütləq əkilib becərilməlidir. Torpaq əgər şumlanmırsa və becərilmirsə,
o öz keyfiyyətini, məhsuldarlığını itirir. İstər icarəyə verilən, istərsə də
verilməyən pay torpaqlarında mütləq əkin-biçin aparılmalıdır. Bu müəyyən
qanunvericiliklə tənzimlənir. Və icarəyə verilən torpaqlar əgər uzun müddət
istifadəsiz qalarsa, alınıb digər adamlara icarəyə verilməlidir.
Pay torpaqları mülkiyyətdədirsə, insanlara verilibsə, onların buna ehtiyacı
varsa, mütləq orada əkin və becərmə işləri aparılmalıdır. Torpaqdan müəyyən
miqdarda məhsul götürülməlidir. Ünvanlı sosial yardımın verilməsində də bu
şərtlərin qoyulması pay torpağı olan adamlara sosial yardımın şamil edilməməsi
torpağın əkilib, becərilməməsinə göstərilən qayğıdan irəli gəlir”.
T.Rzayev qeyd edib ki, vətəndaş işləmək istəmir:
“Pay torpağın varsa, sən orada işləməlisən. Ancaq elə insanlar var ki,
öhdəsində 3-5 hektar torpağı var. O, sosial yardım almaq arzusundadır. Həmin
torpağı əkib becərərsə, bu yardımdan çox qazanc əldə edə bilər, lakin, təəssüf
olsun ki, işləmək istəmir. Ona görə, belə məhdudiyyətlər qoyulub.
Ola bilər ki, vətəndaş işləmək istəmir. Onun əkib və becərmək məqsədi yoxdur.
Pay torpağı xüsusi mülkiyyətidir. Sata və başqasına bağışlaya bilər. Belə olan
halda onun adından çıxarılır. Qanunvericiliyə uyğun olaraq ünvanlı sosial
yardım ilə təmin edilə bilər”.
Deputat əlavə edib ki, torpağa qayğının azalması bahalaşmaya səbəb ola bilər:
“Torpaqları əkib-becərmək daha faydalıdır. Çünki torpağa qayğının azalması
bahalaşmaya səbəb ola bilər. Kənd təsərrüfatı məhsullarını əldə etməkdə
çətinlik yaranar. Kənddə hazırda müəyyən ərazilərdə heyvan saxlamaq, quş
bəsləmək və məhsul yetişdirmək sanki dəbdən düşüb.
İnsanlar nədənsə hər bir şey üçün mağazalara üz tuturlar. Çox təəssüf ki,
kəndli bu gün həyətində və torpağında işləmək və əkib-becərmək fikrində deyil.
Bu, düşündürücü haldır. Kəndçinin ev təsərrüfatı və əkin sahəsi varsa, əkin
sahəsi ilə məşğul olmalıdır. Öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün
təsərrüfatını inkişaf etdirməlidir”.
Qeyd edək ki, bu cür məsələlər ölkəmizdə Torpaq Məcəlləsi ilə tənzimlənir.
Həmin məcəllənin 73-cü maddəsi “Torpaq sahələri üzərində hüquqi və fiziki
şəxslərin hüquqlarına xitam verilməsinin əsasları” adlanır və bu maddədə
yuxarıdakı hallar öz əksini tapıb.
“Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə
hüququna aşağıdakı hallarda xitam verilir:
Torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu
özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi
müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan
məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında
müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək
müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə
əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan bir il
ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən
dalbadal iki il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş
torpaq sahəsindən bir il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə;
istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və
radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına,
torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar
qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə
xitam verilir”.
Nəzrin Vahid