15250f0d-0a3b-4c23-9ad4-c80171698e69..jpg

Deputat: “Xocalı, Ağdaban, Başlıbeldəki cinayətlərlə 1918-ci ildəki soyqırımının heç bir fərqi yoxdur” – FOTO

Baxış sayı: 959 dəfə baxılıb.

Deputat: “Xocalı, Ağdaban, Başlıbeldəki cinayətlərlə 1918-ci ildəki
soyqırımının heç bir fərqi yoxdur” – FOTO

“1998-ci ildən etibarən ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd edilir. Erməni millətçilər azərbaycanlılara və türklərə qarşı tarixi
düşmənçilik nümayiş etdirərək sistemli, mütəşəkkil və müntəzəm olaraq müxtəlif
cinayətlər törədiblər. Bu çirkin və faşist siyasətin son mərhələsi 1988-1991-ci
illərdə Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyaya,
etnik təmizləməyə və soyqırımına məruz qalmaları, 1991-1993-cü illərdə isə
tarixi, əzəli və əbədi torpağımız olan Qarabağın işğal olunması idi”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı
31 Mart-Azərbaycanlıların Soyqırımı Günü və tarixdə ermənilərin soydaşlarımıza
qarşı törətdikləri çoxsaylı cinayətlərə münasibət bildirərkən deyib.

M.İbrahimqızı bildirib ki, bu baxımdan erməni millətçilərin onları dəstəkləyən
havadarları ilə bölgəmizdə son üç yüz il ərzində törətdikləri cinayətin
tarixinə nəzər salmaq kifayətdir:

“Erməni millətçilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin
tariхinin ХVIII əsrin əvvəllərindən başladığı tarixi dəlillər, elmi
araşdırmalarla sübut edilib. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru
genişləndirməkdə olan Çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir,
Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi.
1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş
torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər
cür şəraitin yaradılması nəzərdə tutulub. Ermənilər bu fürsətdən istifadə
edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində
erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində
soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər.

Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən
soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə
yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr
də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail
olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv
edilməsi siyasətinin əsası qoyulmuşdu. Uydurma “Böyük Ermənistan” ideyasına
həqiqət donu geyindirmək məqsədilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın
tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarlar
XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata
keçirirdilər.

Bakı şəhərində başlayan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə
yayılmışdı. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə
azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-07-ci illərə təsadüf edir.
Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan
torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə
yetirilib.

Qeyd etmək lazımdır ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına
qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə
İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında
yeddi kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə
yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş,
əmlakları talan olunmuş, evləri isə yerlə bir edilmişdi.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik
bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan
Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin
vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq,
daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini
azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdı”.

Deputat onu da qeyd edir ki, azərbaycanlıların soyqırımından bəhs ediləndə
daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə,
Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri
qırğınlardan danışılır. 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı
şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ,
Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə
Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara
qarşı soyqırımı nəticəsində, rəsmi mənbələrə əsasən, onminlərlə soydaşımız məhz
etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib:

“Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran
edilib. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi
qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min
silahlı əsgəri, eyni zamanda Daşnaksütyun partiyasının dörd minlik silahlı
dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlılar
bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən
basqınlar edərək uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə
Bakı hadisələri barədə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə
dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87
azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış,
cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi,
yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin
araşdırılmasına xüsusi diqqət yetirilir. Nazirlər Şurası tərəfindən 1918-ci il
iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası
yaradılır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə
İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı
keçirən erməni quldurlar Şamaxıda səkkiz minədək dinc sakini öldürmüşdülər.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə, əhalisi ilə
birgə məhv edilmişdi. Gümrü yaxınlığında, əsasən, qadınlardan, uşaqlardan və
qocalardan ibarət üç min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son
nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir
neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv etmiş, 3
257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürmüşdülər. Bütövlükdə Zəngəzur qəzası
üzrə 10 068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 000 azərbaycanlı
isə qaçqın düşmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min
azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə bir edilmişdi. Erməni silahlı
dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-20-ci illər arasında Qarabağın
dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdi. Minnətdarlıqla
bildirməliyik ki, erməni faşistlər tərəfindən törədilən bu soyqırımının qarşısı
1918-ci ildə general Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn Qafqaz
İslam Türk Ordusu tərəfindən qəhrəmanlıq və fədakarlıqla alınıb.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edilmişdi. Əslində, bu, azərbaycanlılara qarşı
həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin
araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb”.

“1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət
daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i
“Azərbaycanlıların soyqırımı günü” elan edildi. Bundan sonra həmin tarixin
öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və xarici
dillərə tərcümə olundu. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində
çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb.

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından
biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd
tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə
torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin
sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi
məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və
abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı
Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla
bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik
qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıblar.
Xüsusi qeyd etmək lazımdır ki, ötən illərdə erməni vandallarının xalqımıza
qarşı törətdikləri cinayətləri təhlil edərkən bu cinayətlərin bir-birindən
fərqlənmədiyinin şahidi oluruq. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə
Xocalıda, Ağdabanda, Başlıbeldə baş vermiş cinayətlərlə 1918-ci ildə baş vermiş
faciələrin heç bir fərqi yoxdur. Yenə də eyni ssenari, məqsəd və mahiyyət.
Eləcə də 44 günlük Vətən müharibəsi zamanı Gəncənin, Bərdənin və digər
ərazilərin qadağan olunmuş silahlarla, raketlərlə vurulması və ya işğaldan azad
edilmiş ərazilərdə ətraf mühitə qarşı törədilmiş vəhşilik ermənilərin
dəyişməyən xislətini bir daha sübut edir.

Son olaraq minnətdarlıqla xatırlatmaq istərdim ki, 2018-ci ilin yanvar ayının
18-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tərəfindən “1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” xüsusi Sərəncam imzalanıb.
Çox təəssüf ki, dünya və beynəlxalq təşkilatlar tərəfindən hələ də erməni
faşizminə münasibət bildirilməyib və hüquqi, siyasi qiymət verilməyib. Əslində,
erməni vandalların törətdikləri bütün bu cinayətlər BMT-nin soyqırımı ilə bağlı
qəbul etdiyi məlum konvensiyasının bütün maddələrinə cavab verir. 44 günlük
Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə üzə çıxan erməni
təcavüzkarlarının cinayətlərinin izləri də azərbaycanlıların tarixən
soyqırımına məruz qaldıqlarını bir daha sübut edir”, – deyə M.İbrahimqızı qeyd
edib.

Könül Cəfərli

Source link