c8ab7b5e-32d0-462e-8891-ac7e1e4b14d1..jpg

Deputat: “Yanvar ayında pensiyalarda artım görəcəyik” – ŞƏRH + FOTO

Baxış sayı: 552 dəfə baxılıb.

Deputat: “Yanvar ayında pensiyalarda artım görəcəyik” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2024-cü il dövlət büdcə layihəsində minimum əməkhaqqı
artırılmayıb. Gələn ilin büdcə layihəsində orta aylıq əməkhaqqı 980 manat,
yaşayış minimumu 287 manat, əmək pensiyalarının ödəniş xərclərinin isə 10 faiz
daha çox olması nəzərdə tutulub.

Bəs görəsən, 2024-cü ildə orta statistik Azərbaycan ailəsinin dolanması üçün
minimum əməkhaqqı kifayət edəcəkmi?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı
Vüqar Bayramovun sözlərinə görə, 2004-cü ilin dövlət büdcəsindən sosial
istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar nəzərdə tutulub:

“Sosial təminat və sosial müdafiə xərclərinə 4,5 milyard manatdan artıq vəsait
ayrılacaq. Bu, birbaşa ayrılan vəsaitdir. Əməyin ödənilməsi üçün yeni
əməkhaqlarının verilməsinə doqquz milyard manatdan artıq vəsaitin ayrılması
nəzərdə tutulur. Bütövlükdə büdcə xərclərinin 45 faizi sosialyönümlü olacaq.

Bu kontekstdən, təbii, biz yanvar ayında pensiyalarda təxminən 11 faiz artım
müşahidə edəcəyik. Bu artımlar bütün növ əmək pensiyalarını əhatə edəcək və
məbləğindən asılı olmayaraq əmək pensiyası alan bütün vətəndaşlarımızın
pensiyalarında artım hesablanacaq. Yanvar ayından etibarən tətbiq olunacaq”.

Millət vəkili qeyd edib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial
yardım proqramında olanların dövlətdən aldığı yardım məbləğinin çoxalmasına
gətirib çıxaracaq:

“Xüsusən, ünvanlı sosial yardım alan ailələrin gəlirlərini artıracaq.
Təqaüdlər və sosial müavinətlər üçün nəzərdə tutulan məbləğ artırılır. Bu da,
xüsusən də, təqaüdlərin və sosial müavinətlərin növbəti il artırılması üçün
maliyyə bazası formalaşdırır.

Minimum əməkhaqqı və pensiya Prezidentin sərəncamı ilə artırılır. Əvvəlki
illərdə biz minimum pensiya və əməkhaqqı artımları müşahidə etmişik. 2023-cü
ildə minimum əməkhaqqı büdcə qəbul olunduqdan sonra Prezidentin imzaladığı
sərəncam əsasında artırıldı”.

“Ona görə də növbəti ilin maliyyə imkanlarından asılı olaraq bu istiqamətdə
addımların atılacağı istisna deyil. Ümumiyyətlə, dövlət başçısının tapşırıq və
göstərişləri də ondan ibarətdir ki, sosial rifah daha da genişlənsin və
vətəndaşlarımızın sosial təminatı daha da güclənsin. Bu baxımdan, maliyyə
imkanları kontekstində artımların reallaşacağı gözləniləndir. Amma bununla
belə, bütün hallarda 2024-cü ildə sosial istiqamətə ayrılan vəsaitlərin
həcminin artırılması bundan xəbər verir ki, növbəti ildə də sosial müdafiə
prioritet olaraq qalacaq”, – deyə V.Bayramov əlavə edib.

Nəzrin Vahid

Source link