İstər toy, istərsə də yas mərasimləri ilə bağlı milli adət-ənənələrimizə hörmətlə yanaşmalıyıq, əndazəni aşmamalıyıq. Düzdür, son 3-4 ildə yas mərasimləri ilə, xüsusilə də, həmin mərasimlərdə israfçılıqla, əndazəni aşmaqla bağlı müəyyən addımlar atılır, amma yenə də narahatedici məsələlər qalır. Yenə də kimlərsə, özlərini “göstərməklə”, “zənginliklərini” nümayiş etdirməklə məşğul olurlar.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında professor, millət vəkili Jalə Əliyeva dilə gətirib.
“Allah heç kimə qismət etməsin, yas mərasimlərimizin özündə də adətlərimizdən sapmalar alıb gedir. Vallah,açığı mən artıq müəyyən bir yaşa gəlmiş insanam, amma yas mərasimlərinə getməyə başlayanda mənim haradasa 30-dan çox yaşım vardı. O dövrə qədər yas mərasimlərinə mənim böyüklərim gedirdi”, -deyən millət vəkilinin sözlərinə görə, hüzr yerlərinin bir ağırlığı var idi, bir ədəb-ərkanı var idi.
“İndi hüzr yerinə gedəndə və baxıb görəndə ki, az qala 15 yaşında uşaq da bəzənib-düzənib gəlib orada oturub, süfrədəki milyon cür nemətdən yeyib-içir, yaşıdları ilə söhbət edir, mənə çox qəribə və üzücü gəlir. İnanın ki, neçə dəfə qulağım eşidib, az qalırlar orada qız alsınlar, qız versinlər. Axı, belə olmaz, ölənə də günahdır, ev yiyəsinə də hörmətsizlikdir.
Molla səsini qaldırdıqca, mərasimdə iştirak edən qadınlar da səslərini qaldırır. Molla deyir, bacılar, xahiş edirəm, bir az sakit olaq, mərhumun ruhuna hörmət edək, bunlar bir az da səslərini qaldırırlar. Niyə? Ona görə ki, süfrənin üstü, belə müqayisə heç aparmaq istəməzdim, hələ də şadlıq məclisindən, xeyir məclisindən heç nəyi ilə fərqlənmədiyinə görə yas yerinə gələn insan da bir anlıq özünü, istiqamətini itirir.
Elə fikirləşir ki, əgər ev sahibi bütün bunları bura düzürsə, deməli, ona bir dodaqqaçdı başsağlığı verib, sonra öz söhbətimi edə bilərəm, heç dərdinə yanmamaq da olar. Yas yerində dünyasını dəyişən insanın xatirəsindən danışarlar, nə bilim, gördüyü yaxşı əməllərdən söhbət açarlar. Heç soruşmurlar, bu, niyə ölüb, niyə rəhmətə gedib?
Bunlar həqiqətən adamı çiyrindirib. Hesab edirəm ki, bunlar qəbuledilməzdir, yolverilməzdir. Özümüzə hörmətlə yanaşmalıyıq artıq”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com