Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında Ombudsmanın illik məruzəsi müzakirə olunur.
ÇıxışYolu.Com-ın xəbərinə görə, müzakirələr zamanı adıçəkilən komitənin üzvü Fazil Mustafa Ombudsmanın fəaliyyətinin və hesabatının qənaətbəxş olduğunu vurğulayıb, eyni zamanda, bir iradını da bildirib:
“Bildiyiniz kimi, bölgələrdə bəzi icra başçıları tərəfindən yerli biznes nümayəndələri sıxışdırılır, onlara aid olmayan işlərə cəlb olunur, vəsaitləri, pulları əllərindən alınır.
Konkret olaraq, bu yaxınlarda bir rayonda icra başçısı tərəfindən bir nəfər biznesmenin təzyiqə məruz qalması, onun pulunun geri qaytarılmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar yayılmışdı.
Amma təəssüflər olsun ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Yaxşı olardı ki, hələ vaxta – plenar iclasa var, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın və icra başçıları da görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırılmır”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com