“Valideynlər uşaqlara “Sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin mayın 15-də keçirilən iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.
“Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan.
Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”, – deyən millət vəkili qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır:
“Azərbaycanda “Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir.
Uşaqlar niyə intihar etməlidirlər ki?
Axı, hamı alim ola bilməz… Burada televiziyaların da rolu var. Onlar bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır”.
Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com