Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə
ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının
sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi
başlayıb.
Teleqraf.com xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon
Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.
İttihama görə, cinayət işi üzrə Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva,
Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər
Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov
zərərçəkmiş qismində tanınıblar.
İstintaq sənədlərində qeyd olunub ki, Raya Nəcəfova zərərçəkmişləri Mədəniyyət
Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət
qurumlarına işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.
Qeyd edək ki, Raya Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi
işçidir. Onun barəsində olan cinayət işinin istintaqı Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
İstintaq orqanı tərəfindən Raya Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin
178.2.2 (təkrar dələduzluq törətmək) və 178.2.3 (qulluq mövqeyindən istifadə
etməklə dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini
mənimsəmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Raya Nəcəfova özünü təqsirli bilməyib. O, heç kimdən işə
düzəltmək adı ilə pul almadığını deyib.
Zərərçəkən Aynur Niftəliyeva bildirib ki, ona ya Qaçqınlar və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında
yüksəkmaaşlı iş vədi verilib. Onun sözlərinə görə, bu işin alınması üçün ondan
42 500 manat alınıb.
Raya Nəcəfova isə deyib ki, bu yalandır, Aynur Niftəliyevadan cəmi 13 min
manat sələmlə pul götürüb və bunu da sonradan artıqlaması ilə qaytarıb.
Digər zərərçəkmiş Sevinc Qayıbova bildirib ki, Raya Nəcəfovaya şəxsən Elmlər
Akademiyasının binasındakı kabinetində pul verib. O bildirib ki, Azərbaycan
Dövlət Pedaqoji Universitetindən kimya müəllimliyi ixtisası üzrə məzun olub.
Qeyd edib ki, ona Müdafiə Sənayesi Nazirliyi, yaxud da Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində işlə təmin olunacağı deyilib.
Zərərçəkmişin sözlərinə görə, işə düzəlməsi üçün Raya Nəcəfovaya 12 min manat
verib:
“8 min manatı onun kartına göndərmişəm, 4 mini isə kabinetində özünə vermişəm.
Dedi ki, 40 günə iş əmri veriləcək. Bir müddət sonra özünü Xanlar müəllim kimi
təqdim edən bir nəfər zəng etdi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Mən də onunla razılaşdım.
Vaxt keçdikcə, aldadıldığıma əmin oldum və prokurorluğa şikayət etdim”.
Raya Nəcəfova isə deyib ki, Sevinc Qayıbovanın aldadılmasında onun yox, Xanlar
Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq
Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc
Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da
Xanlar Nəsirova çatıb.
Raya Nəcəfova digər zərərçəkmişlərin aldanmasında da başqa adamların günahı
olduğunu bildirib.
Məhkəmədə zərərçəkmişlərdən bir neçəsi Raya Nəcəfova ilə barışmadığını
vurğulayıb və onun həbs edilərək cəzalandırılmasını tələb ediblər.
Növbəti proses mayın 30-da davam edəcək.
Qeyd edək ki, Raya Nəcəfova Milli Məclisin deputatı Ülvi Quliyevin qudasıdır.