Mayın 29-dan 30-na keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahibliyi etdi. Qarşılıqlı hücumlar şəraitində keçən final qarşılaşması “Çelsi”nin möhtəşəm qələbəsi – 4:1 hesabı ilə başa çatdı.
Gözəl oyun sayəsində “Çelsi” Avroliqanın kubokunu qazandı.
Görəsən, millət vəkilləri final qarşılaşmasının nəticələrini necə qiymətləndirirlər?
ÇıxışYolu.Com-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.
“Çelsi”nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram. “Human Rights Watch”, “Amnesty International”da da bunu bilməmiş olmasınlar gərək”, – deyə o əlavə edib.
Millət vəkili Tahir Mirkişili bildirib ki, burada ən böyük qalib Azərbaycandır:
“Çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi, cənablar! Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bu gecədəki kimi! Gecənin ən böyük qalibi Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”
Deputat Fazil Mustafa qeyd edib ki, onun verdiyi proqnoz düz çıxıb, “Çelsi” qalib gəlib:
“Demişdim ki, “Çelsi” 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın. Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik, yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar.
Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”
Millət vəkili Qənirə Paşayeva isə bunları deyib:
“Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan! “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. “Arsenal” klubunun heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi.
İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər!
Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”
Kamil HƏMZƏOĞLU