Deputatlar dünya çempionatını izləyəcəklərmi? - SORĞU

Deputatlar dünya çempionatını izləyəcəklərmi? – SORĞU

Baxış sayı: 2. 276 dəfə baxılıb.

Qarşıdan futbol üzrə növbəti dünya çempionatı gəlir.

İyunun 14-də bütün diqqətlər Rusiyanın paytaxtı Moskvaya, 21-ci dünya çempionatının açılışına və çempionatın ilk oyununa – Rusiya – Səudiyyə Ərəbistanı yığmlarının qarşılaşmasına  yönələcək.

Futbolsevərlərlə, futbol azarkeşləri ilə yanaşı, yüz milyonlarla insan bir ay ərzində, yəni iyulun 15-nə kimi bir-birindən gözəl və möhtəşəm oyunları izləyəcək.

Qeyd edək ki, mundial Rusiyanın 11 şəhərində təşkil olunacaq. 

Yarımfinal mərhələsindən etibarən oyunlar yalnız Sankt-Peterburq və Moskvada baş tutacaq. 

Açılış və final qarşılaşmaları isə Moskvadakı “Lujniki” stadionunda oynanılacaq.

Bəs görəsən, Azərbaycan siyasiləri, millət vəkilləri bu möhtəşəm idman yarışını, dünya çempionatını izləyəcəklərmi?

Eyni zamanda, hansı ölkələrə azarkeşlik edəcəklər, hansı ölkələri finalda görmək istəyirlər, eləcə də, hansı millinin qalib olmasını arzulayırlar?

ÇıxışYolu.Com olaraq bir neçə millət vəkilinə bu suallarla müraciət etdik və onların cavablarını izləyicilərin diqqətinə çatdırırıq:

Fazil Mustafa: “Dünya çemponatını, təbii ki, yaxından izləyəcəyəm. Azarkeşlik etməsəm də, oyun olaraq Almaniyanı izləməyə çalışacağam. Finalda Almaniya ilə Braziliyanı görürəm. Yəqin ki, almanlar qalib gələr”.  

Elşad Həsənov: “Mən də çalışacağam ki, vaxtım, zamanım olanda dünya çempionatını izləyim. Çox  istərdim ki,  finalçılardan biri Argentina olsun”. 

Eldəniz Səlimov: “Futbola, idmana böyük marağım var, həm də ki, dünya çempionatı dünya futbolunun dörd ildən bir olan zirvəsidir.  Bu baxımdan, Rusiyada keçiriləcək növbəti dünya çempionatını da izləyəcəyəm.

Mən Braziliya millisinə azarkeşlik edəcəyəm. Finala da istərdim ki, Braziliya və İngiltərə çıxsın. Arzu edək ki, güclülər qalib gəlsin. Hər kəsə də indidən xoş seyrlər!”

Aydın Mirzəzadə: “Əvvəla, geniş anlamda futbola azarkeşlik edəcəyəm. Gözəl oyunları, ulduz futbolçuları izləyəcəm. Qeyd edim ki, artıq dünyanın güclü milliləri kimi tanınanlarla bir qədər zəif qəbul edilənləri arasındakı fərq də son illər aradan qalxmaqda, azalmaqdadır.

Bu baxımdan, bu çempionatda sensasiyaların olması mümkündür. Almaniya, Argentina, İngiltərə, İspanıya və Kolumbiya yığmalarına azarkeşlik edəcəyəm. Çünki onlarda böyük əzmkarlıq var”.

Azər Badamov: “Futbol idman yarışı olsa da, həm bir incəsənət, həm də siyasətdir. Ona görə futbolu sevməmək, izləməmək mümkün deyil. Bu baxımdan, mən də növbəti dünya çempionatını izləməyə çalışacam. Azarkeşlik etdiyim millilər isə Almaniya, İspaniya milliləridir və istərdim ki, onlar finala çıxsınlar”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com