57a05e26-9607-4c39-aa51-c0b01c262af0..jpg

“Deputatların çoxu əsgərlikdə olmayıb” – Polkovnikdən xidmət vaxtının uzadılmasına ETİRAZ

Baxış sayı: 615 dəfə baxılıb.

“Deputatların çoxu əsgərlikdə olmayıb” – Polkovnikdən xidmət vaxtının
uzadılmasına ETİRAZ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. “Hərbçi niyə 45 yaşında
pensiyaya çıxmalıdır?” fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni
rejimdə yatıb-dursalar, yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan
sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir
Cəfərov deyib.

O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və
miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin
45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də
rahatlıq bilir: “Hərbçi üçün saat anlayışı yoxdur”.

Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var:

“Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra
hərbi sahəyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il
xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar
və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi
davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır.

İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar
ki, 65% pensiya alacaqsınız? Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5
ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq.
Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu
2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”.

Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən
yanlışdır:

“Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərb sahəsinin nə
olduğunu anlamaq istəmirlər”.

O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun var:

“Bütün dünyada belədir ki, harada hərbi sahə varsa, o, hərbçiyə aid olan
konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən
48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə
ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq”.

“Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün
sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin
burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran
bilir, növbəyə gedir, poliqonda yaşayır”, – fikirlərini yekunlaşdırıb.

Source link