Ötən gün Rusiyanın Samara şəhərində şəhər gününə həsr olunmuş ulduzların iştirakı ilə xalq konserti keçirilib. Sənətçilərin arasında məşhur müğənni Dima Bilan da olub. Pop ulduzun səhnədəki qeyri-etik hərəkətləri və ifası zamanı xaric oxuması konserti izləməyə gələn tamaşaçıları yaman qəzəbləndirib.
Sosial media istifadəçiləri “Instagram”da Bilanın hesabına “hücüm çəkiblər”. Onlar incəsənət təmsilçisinin özünü belə nalayiq aparmasını yolverməz sayıb, onu “topa tutublar”. Samara sakinləri Dima Bilanın nəinki özünə, eləcə də konserti seyr etməyə gələn tamaşaçılara hörmət etmədiyini yazaraq, özlərini müğənni tərəfindən təhqir edilmiş saydıqlarını bildiriblər.
Yaşanan qalmaqallı hadisə ilə bağlı Dima Bilan şəxsi “Instagram” hesabı vasitəsi ilə Samara sakinlərindən üzr istəyib. O, görüntülü mesajında etiraf edib ki, səhnəyə içkili vəziyyətdə çıxıbmış:
“Dostlar, ötən axşam baş verən Samara konsertində baş verən xoşagəlməz hərəkətlərimə görə hamıdan üzr istəyirəm. Səhv etdim. Səhnədə sərxoş oldum. Soyunma otağında, hoteldə dostlarla görüşdüm və alkoqollu içki içdim. Hər şeyin bu cür olacağını düşünməmişdim, çünki sağlam həyat tərzi sürürəm. Yəqin ki, həyatımda alkoqoldan istifadə etmədiyim üçün o, mənimlə dəhşətli bir zarafat etdi”.
Dima Bilan Samarada pulsuz konsert verəcəyini və bundan əlavə, uşaqların müalicəsi üçün xəstəxananı lazımi aparatlarla təmin edəcəyini də dilə gətirib:
“Çox yaxın zamanda Samarada böyük konsert verəcəyəm. Sakinlərin önünə çıxıb, onların gözlərinə baxaraq, səmimi şəkildə hər birindən üzr istəyəcəyəm. Ümüd edirəm ki, siz mənim üzrxahlığımı qəbul edəcəksiniz. Çünki etdiyim hərəkətlərimdən çox utanıram. Bundan əlavə, şəhər rəhbərliyi ilə danışıb, öz hesabıma uşaqlar üçün oyun meydançası tikdirəcəyəm. Həmçinin, uşaqların müalicəsi üçün xəstəxanaya lazımi aparatların çatdırılmasını da təmin edəcəyəm”.
Müğənni Dima Bilan dinləyicilərini hədsiz dərəcədə sevdiyini və onlara hörmət etdiyini vurğulayıb. O, bundan sonra belə bir halın təkrarlanmayacağını, sənətçi kimi xalq qarşısında məsuliyyət daşıdığı və səhv etmək hüququnun olmadığını bildirib.
Rəşad Əliyev