DİN-də kollegiya iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol
hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında
vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də
cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda
Kollegiya iclası keçirilib.
DİN-dən bildirilib ki, iclası giriş sözü ilə açan daxili işlər naziri
general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan
hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir
şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət
kəsb etdiyini bildirib.
Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın
ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu
ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən
polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal
antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi
heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə
isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid
verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
General-polkovnik V.Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi
anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə,
Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət
bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis
şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların
təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və
asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin,
hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü,
qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı
silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi.
Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində xidməti
vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi
qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı.
Nazir daha sonra bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar
qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə
yetirib. Ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər
Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb.
Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış
336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.
Qəsdən sağlamlığa ağır zərər vurmaların, xuliqanlıqların, quldurluqların,
dələduzluqların, hədə-qorxu ilə tələb etmələrin, soyğunçuluqların və
avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar,
soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması
faktlarının sayı azalıb.
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar
qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi
tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın
79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.
Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də
nəzarətdə saxlanılıb. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və
343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup
zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6.344 nəfər məhkəmə
məsuliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla
təhsil müəssisələrində 1.028 maarifləndirmə tədbiri keçirilib.
Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının
аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsədilə davam etdirilən tədbirlərlə
respublika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar
nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol
hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7
milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki
vаsitələrlə аşkаrlаnıb.
Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərə
çevik reaksiya verilməsi sahəsində görülən işlər ötən 9 ayda da gündəlik
nəzarətdə qalmaqla daxil olmuş 75.146 müraciətə baxılıb, habelə bu mühüm işə
paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə
respublikanın 9 şəhər və rayonunda 3.000-ə yaxın vətəndaşın qəbulu həyata
keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan
2.500-dən çox minnətdarlıq məktubları alınıb.
Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin və bir sıra
ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin
daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə
ediblər.
İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı
mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş
vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini vurğulayıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunmuş müsbət
nəticələri yüksək qiymətləndirən Nazir bu istiqamətdə fəaliyyətin daha böyük
əzm və qətiyyətlə həyata keçirilməsini tapşıraraq diqqəti qarşıda duran
vəzifələrə çəkib, həmçinin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir
şəxsə, o cümlədən bloggerlərə və digər ictimai fəallara, qeyri-hökumət
təşkilatlarının nümayəndələrinə və media mənsublarına təşəkkürlərini bildirib.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin
üzərində də dayanan Nazir yolların kənarında qeyri-qanuni saxlanılan və
nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin
kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının,
ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin
təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və
aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaş məmnunluğunun təmin edilməsində, dövlətə inam və etimadın
güclənməsində böyük əhəmiyyət kəsb edən müraciətlərə baxılması işinə xüsusi
diqqət çəkən nazir V.Eyvazov şikayətlərə çevik reaksiya verilməsi işinin yeni
keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün əlavə tapşırıqlar verib.
Nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan müəyyən nöqsan və
çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi
tədbirlərin həyata keçirilməsini, hər bir şəxsin qanuni mənafeyinin, hüquq və
azadlığının bundan sonra da etibarlı qorunmasını, bütövlükdə vətəndaş
məmnunluğunun davamlı surətdə təmin olunmasını, şəxsi heyətin etik davranış
qaydalarına daim riayət etməsini, qanunçuluğun möhkəmləndirilməsini və
peşəkarlıq səviyyəsinin günbəgün artırılmasını tələb edib.
Kollegiya iştirakçılarının diqqətini ötən illər ərzində beynəlxalq
təşkilatların nümayəndə heyətləri ilə baş tutmuş görüşlərə də yönəldən nazir
V.Eyvazov ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata
keçirilən tədbirləri xüsusi vurğulayaraq qeyd edib ki, bu sahədə fəaliyyətin
effektivliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi
üzrə aparılan müzakirələr və görülmüş işlər çox faydalı olub.
Konkret olaraq, fəaliyyətin müasir tələblərə və mütərəqqi beynəlxalq təcrübəyə
uyğun qurulmasında mühüm əhəmiyyət kəsb edən şəxsi heyətin professional
hazırlığının artırılması məqsədilə son 5 ildə təkcə insan hüquqları üzrə
Azərbaycanda və xarici dövlətlərdə keçirilən seminarlarda, təlim kurslarında,
konfranslarda və digər tədbirlərdə daxili işlər orqanlarının 3000-dən çox
əməkdaşının iştirak etdiyini, Polis Akademiyasında keçirilən məşğələlərə Avropa
ekspertlərinin dəvət edildiyini, treninqlərin onlar tərəfindən də
keçiriləcəyini bildirib, habelə, aidiyyəti tədris proqramlarının qısa müddətdə
yenilənməsinə dair tapşırıqlar verib. “Açıq hökümətin təşviqinə və Korrupsiyaya
qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planları əsasında idarədaxili nəzarət
mexanizmlərinin, aidiyyəti vəzifə təlimatlarının təkmilləşdirildiyini,
aidiyyəti qanunvericilik aktlarına beynəlxalq təcrübəyə uyğun dəyişikliklər
edilməsi üçün layihələrin hazırlandığını, tutulmuş və həbs edilmiş şəxslərin
beynəlxalq konvensiyalarda təsbit olunmuş bütün hüquqlarının və dindirmələrin
şəffaflığının təmin edilməsi mövzularında respublikanın istintaq qurumlarının
əməkdaşları üçün virtual təlimlərin təşkil edildiyini nəzərə çatdırıb. Nazirlik
tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi
heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam
və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar
aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu
vəzifədən azad olunduğunu, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri
görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı
kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın
tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam
tənbehlərinin verildiyini qeyd edib.
Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının
müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin
hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib,
onlara qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini,
qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi
aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu
istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən
məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Bütövlükdə Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq
münasibətlərini yüksək qiymətləndirdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə də
konstruktiv şəkildə həyata keçiriləcəyini ifadə edib.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali
diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və
etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin,
təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr
bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.