DİN-dən ƏMƏLİYYATLAR: 6 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın
əməliyyat keçirib.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.
Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas
şəxslər olub.
Əməliyyatlarla “qara bazar”da dəyəri 6 milyon manat olan 157 kiloqram, o
cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana,
42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər
növdən olan narkotik vasitə, 12 211 ədəd psixotrop tərkibli metadon, tramadol,
lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron
sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan
ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri
müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.