a4bac738-ca61-47bc-a016-d67f28905a68..jpg

“Dinamo”nun rəhbəri: “Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır” – MÜSAHİBƏ

Baxış sayı: 671 dəfə baxılıb.

“Dinamo”nun rəhbəri: “Bu işə başlamışıqsa, mütləq nəticələr olmalıdır” –
MÜSAHİBƏ

Bu il Azərbaycanda ilk dəfə futbol üzrə II Liqa yaradılıb. Sentyabrın 4-də
startı veriləcək 2023/2024 mövsümündə 14 komanda mübarizə aparacaq.

Yarışda bir neçə bölgə komandası ilə yanaşı, paytaxt təmsilçisi “Dinamo” da
çıxış edəcək. 1997-2004-cü illərdə fəaliyyət göstərən komandada həmin
dönəmlərdə olduğu kimi, bu dəfə də hərbi xidmətə çağırılan futbolçuların heyətə
cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda, II Liqa təmsilçisinin ev oyunlarını hansı meydanda keçirəcəyi də
bəlli deyildi.

“Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “Report”a müsahibəsində
bütün suallara aydınlıq gətirib.

– “Dinamo”nun stadion problemi həllini tapıb? Ev oyunlarınızı harada
keçirəcəksiniz?

– Bəli, problem yoluna qoyulub. Fövqəladə Hallar Nazirliyi ilə razılığa
gəlmişik. Rəqiblərimizi onların Hövsandakı stadionunda qəbul edəcəyik.

– Komanda tam olaraq Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək?

– Komandanın rəhbəri mənəm, amma işləri nazirliklə birlikdə yürüdəcəyik.

– “Dinamo”nun heyəti əsgərlik yaşına çatan futbolçulardan ibarət olacaq?

– Yadınıza gəlirsə, hələ 1997-ci ildə “Dinamo” klubunu yaratmışdıq. Həmin vaxt
əsas, gənclər və aşağı yaş qrupları üzrə yığmaların üzvləri əsgərliyə getdikdən
sonra futboldan uzaqlaşırdılar. Bunun qarşısını almaq üçün belə bir addım
atmışdıq. Həmin “Dinamo”da Fərrux İsmayılov, Emin Quliyev, Ceyhun Sultanov,
Zahir Əsgərov, Rafael Əmirbəyov, İlyas Qurbanov kimi yüzlərlə futbolçu çıxış
edib. Onlar əsgərliklərini Daxili Qoşunların idman bölməsində keçirməklə
yanaşı, “Dinamo”ya ezam olunurdular. Bu proses 2004-cü ilə qədər davam etdi.
“Dinamo” “Bakı”ya çevriləndə təsisçi də dəyişdi. İndi isə bu məsələ yenidən
gündəmə gəlib. Aşağı yaş qrupları üzrə yığmalara çağırılan futbolçular hərbi
xidmətlə bağlı ciddi problem yaşayırlar. Əvvəlki “Dinamo” bu məsələlərə necə
yanaşırdısa, işlər yenə eyni formada qurulacaq. Bu istiqamətdə işlər davam
etdirilir.

– AFFA ilə bununla bağlı müzakirələr olub?

– Əlbəttə, bütün işlər AFFA-nın razılığı ilə görüləcək. Söhbət millilərə cəlb
olunan və klublarımızda çıxış edən futbolçulardan gedir. AFFA-nın baş katibi
Sərxan Hacıyev bu məsələdə bizə böyük dəstək verir. İnanıram ki, yaxın
vaxtlarda bununla bağlı konkret addımlar atılacaq.

– Hərbi xidmətə çağırılan futbolçuların “Dinamo”ya cəlb olunması prosesinə nə
vaxtdan başlayacaqsınız?

– Gənclər millimizdə, U-19-da çıxış edən futbolçuların əsgərliklə bağlı
problemlərindən xəbərdarıq. İstər AFFA, istərsə də Premyer Liqa klublarının
rəhbərləri və baş məşqçilər bunları bilirlər. Hərbi xidmətə növbəti çağırış iki
aydan sonra olacaq. Həmin vaxt bu məsələlərə baxılacaq.

– Yəqin ki, komandanın qarşısına hədəf qoyulacaq. “Dinamo”nu gələcəkdə yenidən
yüksək liqada görə bilərik?

– General olmaq istəməyən əsgərdən yaxşı əsgər çıxmaz. Bu işə başlamışıqsa,
mütləq nəticələr olmalıdır. Düzdür, indiki məqamda çətindir. Amma zamanla buna
çalışacağıq. Həm də perspektivli gənclərə özlərini göstərmək üçün bu liqa bir
şansdır. Xəyallarımızda çox şeylər var. Ancaq hər şey reallıqla uzlaşmalıdır.

Source link