Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasının tələblərinin pozulmasına
görə sanksiyalar ağırlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin
tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma
zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman
vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək miqdarda,
hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman
vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki
şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda,
hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.