89d00eea-4dba-4b8d-8702-014ae216b716.jpg

DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ

Baxış sayı: 179 dəfə baxılıb.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət
məktəblərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə
direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin
keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.

Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test
imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə
şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi.
Direktor müavinləri üçün bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon,
Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil
edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və
rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri
üçün isə 50 bal müəyyən olunub.

Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış
namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində
direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün
isə 20 bal müəyyən olunub.

Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan
yaratmaqdır.

Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da
dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret
kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında
aparılacaqdır.

Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun
nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha
artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün,
50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya
seçmək hüququ əldə edəcəklər.

Source link