Dmitri Trenin: “Nəzəri baxımdan nüvə silahı Avropada istifadə edilə bilər” –
ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son həftələr ərzində dünyada nüvə silahından istifadə təhlükəsinin artdığını
göstərən bir çox hadisələr baş verib. Söhbət həm artıq qızğın mərhələdə olan,
həm də qısa müddətdə kəskinləşmə potensialı olan müxtəlif münaqişələrdən gedir.
Rusiya ilə Ukrayna arasında toqquşma baş verərsə, taktiki nüvə silahından
istifadə faktiki olaraq artıq müzakirə olunmur. Lakin HƏMAS-ın İsrailə qarşı
müharibə apardığı Yaxın Şərqdə bu barədə danışmağa başlayıblar. Bu yaxınlarda
İsrailin irs məsələləri üzrə naziri Amihay Eliyahu Qəzzaya nüvə zərbəsinin
endirilməsinə dair ehtimalını açıqlamışdı. Əlbəttə ki, o, sonradan səhv başa
düşüldüyünü bildirib, amma bu sözlər səslənib. İsrailli politoloqlardan birinin
bununla bağlı “Ağıllı insanın fikrinə gətirib deyə bilmədiyi axmağın
dilindədir” demişdi.
Pentaqon ABŞ-nin əsas “B61” atom bombasını “B61-13” variantına
təkmilləşdirəcəyini bildirib. Şimali Koreya yeni ortamənzilli ballistik raketin
bərk yanacaqla işləyən reaktiv mühərriklərini sınaqdan keçirib. Rusiya Yaponiya
ilə ixtisara düşməli olan nüvə silahının ləğvi üzrə əməkdaşlığa dair sazişdən
çıxdığını açıqlayıb. Təbii ki, Cənubi Qafqazın bilavasitə regionuna aid daha
bir hadisəni də nəzərdən qaçıra bilmərik. Oktyabrın sonunda Gürcüstan hökuməti
müvafiq qurumlarla birlikdə regionda nüvə müharibəsi baş verəcəyi təqdirdə
ətraflı tədbirlər planı hazırlayıb.
Bəs dünyada nüvə silahından istifadə təhlükəsi nə qədər artıb? Cixisyolu.com
Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi
işçisi, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru
Dmitri Treninlə danışıb.
Nüvə silahının nəzəri olaraq istifadə edilə biləcəyi yer və şəraitlə bağlı
suala cavab olaraq, Dmitri Trenin bildirib ki, ABŞ-nin nəinki münaqişələri həll
etmək, hətta onları idarə etmək qabiliyyətinin getdikcə azalması digər
regionlarda da – Yaxın və Orta Şərqdə (İsrail – İran), Şimal-Şərqi Asiyada
(Koreya yarımadası) və Şərqi Asiyada (Tayvan) nüvə silahından istifadə riskini
artırır:
“Nəzəri baxımdan nüvə silahı Avropada istifadə oluna bilər (bunun Ukrayna
ərazisində baş verməsi ehtimalı az olsa da). Ümid edirəm ki, əlbəttə, iş bu
yerə gəlib çatmaz, lakin nüvə təhlükəsinin qarşısının alınmasının effektivliyi
mümkün tətbiqin dəqiqliyindən asılıdır. Nüvə əsrində sülh qorxuya əsaslanır.
Qorxu aradan qalxdıqda hərbi toqquşma ehtimalı daha da yüksəlir və nüvə
silahından istifadə ehtimalı yaranır”.
Nüvə müharibəsi baş verəcəyi təqdirdə artıq fəaliyyət planları hazırlayan
Gürcüstana və Cənubi Qafqazda Ermənistan atom elektrik stansiyası, nüvə
silahına malik Rusiya və regionun yaxınlığında yerləşən nüvə təhlükəsi yaradan
İrana gəldikdə isə professor Cənubi Qafqaz ölkələrində nüvə silahından
istifadəyə dair real risk görmədiyini bildirib.
“Əlbəttə, regionda yeni silahlı toqquşmalara səbəb ola biləcək münaqişəli
vəziyyətlər qalır, lakin burada kiminsə nüvə silahından istifadə edəcəyini
təsəvvür etmək mənim üçün çətindir”, – deyə Trenin söhbətini yekunlaşdırıb.
Nair Əliyev