Dmitri Verxoturov: “Paşinyanın alternativ yolu yoxdur” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanda Azərbaycanla şərti sərhədin delimitasiyası və demarkasiyasına
etiraz edənlər aksiyalarını İrəvana köçürməklə hədələyirlər. Artıq aprelin
30-da belə bir cəhd oldu, lakin bu, uğur qazanmadı – Ermənistanın baş naziri
Nikol Paşinyanı dəstəkləyən polis Azərbaycana məxsus dörd sərhəd kəndinin
ölkəmizə qaytarılmasından narazı olan nümayişçiləri dağıdıb.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistanın İctimai telekanalına
müsahibəsində delimitasiya və demarkasiyaya toxunaraq qeyd edib ki, “biz
sərhədi yenidən bərpa etməliyik, yəni gedib bu sərhədi yerlərdə artıq
formalaşmış prinsiplər əsasında müəyyənləşdirməliyik. Ölkəmizin maraqları ondan
ibarətdir ki, biz son nəticədə kənar yardım və sponsorluq olmadan regionumuzda
yaşamaq formulunu qəbul edək”.
Postsovet məkanı üzrə rusiyalı ekspert, yazıçı, tarixçi və ictimai xadim
Dmitri Verxoturov Ermənistanın baş nazirinin açıqlamalarını Cixisyolu.com-a şərh
edərkən qeyd edib ki, Nikol Paşinyanın Azərbaycanla münasibətləri
normallaşdırmaqdan başqa yolu yoxdur:
– O, müqaviləni imzalayacaq, artıq sərhədin delimitasiyası və demarkasiyası
razılaşdırılır. Bu onun üçün mövcud olan mexanizmdir. Təbii ki, Paşinyan
Rusiyanın dəstəyinə arxalanaraq danışıqları gecikdirə və müəyyən güzəştlər
tələb edə bilərdi. Amma indi o, bu dəstəyi demək olar ki, tamamilə itirib.
Avropa isə, görünür, ona vəd etdiyi hər şeyi vermədi. Ona görə də o,
istər-istəməz nizamlanma yolu ilə gedir və Ermənistanın baş nazirinin bundan üz
döndərmək imkanı yoxdur. Deməli, Paşinyan hakimiyyətdə olacağı bütün dövr
ərzində məhz bu siyasəti aparacaq. Yenə deyirəm, onun alternativ yolu yoxdur.
– Niyə məhz məskunlaşma, sərhədlərin müəyyən edilməsi, ərazilərin qaytarılması
prosesi Ermənistan cəmiyyətinin bir hissəsində və bütün müxalifətdə narazılıq
yaradır? Bunlar uzunmüddətli sülhə nail olmaq üçün atılan addımlardır.
– Məncə, Ermənistan cəmiyyətinin ən böyük problemi odur ki, orada reallıqla
əlaqəni tamamilə itirmiş, öz fantaziya aləmində yaşayan xeyli sayda (adi haldan
çox) insan var. Buna uyğun olaraq bu uydurma dünyaların sakinləri etiraz
aksiyalarına başlayır, reallığı öz ideyalarına uyğunlaşdırmağa çalışırlar. Amma
göründüyü kimi, başlanmış prosesi (nizamlanma – red.) geri qaytarmaq olmaz.
– Ermənistan müxalifəti kəndlərin qaytarılmasına, sərhədlərin delimitasiyası
və demarkasiyasına qarşı etiraz aksiyalarına ordunu cəlb etməyə ümid edirdi,
lakin bu, mümkün olmadı. Amma etirazlara erməni ruhaniləri rəhbərlik edirdi.
Necə düşünürsünüz, bunun səbəbi nədir?
– Bildiyimə görə, erməni apostol kilsəsində (EAK) ciddi böhran var, EAK
ermənilərə təsir imkanlarını xeyli itirib. İndi sərhədin delimitasiyası və
demarkasiyasına qarşı proseslərə rəhbərlik etməyə çalışan ruhanilərin müəyyən
qədər siyasiləşməsi müşahidə olunur. Bu, EAK-ın əvvəlki nüfuzunu bərpa etmək və
bir növ konsolidasiya amili kimi çıxış etmək cəhdidir. Amma bu hərəkətlərin
uğurlu olacağını düşünmürəm – onların istədiklərinə nail olmaq ehtimalı azdır
və avtoritet qazana bilməyəcəklər.
Əgər onlar bu cür oyunlar oynamağa davam etsələr, o zaman tarixən inanılmaz
hesab edilən vəziyyət yarana bilər: Ermənistan dövləti Cənubi Qafqazda yox ola
bilər, ermənilər isə kim hara gəldi səpələnəcək, müxtəlif ölkələrdə diaspor
olaraq məskunlaşacaqlar. Bu variant çox mümkündür və belə qəribə hadisələr baş
verdikcə (Azərbaycanla sərhədin delimitasiyasına etirazlar -red.) onun ehtimalı
güclənir.
Nair Əliyev