8f22acf1-3637-4506-a4d6-d85faf3f81c0..jpg

Doğru corab seçimi necə olmalıdır? – “Kaspi”nin ARAŞDIRMASI

Baxış sayı: 517 dəfə baxılıb.

Doğru corab seçimi necə olmalıdır? – “Kaspi”nin ARAŞDIRMASI

Hər kəs düzgün corab seçə bilmir. Mağazalarda həm pambıq, həm də sintetik
materialdan hazırlanan corablar mövcuddur. Artıq hər çeşiddə, hər rəngdə
corablar tapmaq mümkündür. Bəs bu qədər çeşid arasında düzgün corabı necə seçə
bilərik? O qədər də önəmli görünməyən corab düzgün seçilmədikdə hansı fəsadlara
səbəb ola bilər?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Tərkibi sırf pambıq deyil

Corab satışı ilə məşğul olan Asif Fərzizadə bildirib ki, insanların corab
seçimi əvvəlki dövrə nisbətən dəyişib:

“Keyfiyyət cəhətdən əsasən pambıq corablar üstündür. Sintetika corablara artıq
çox da tələbat yoxdur. İnsanlar keyfiyyətə daha çox üstünlük verirlər. Tələbat
daha çox pambıq corablaradır. Tərkibi yüz faiz pambıq corab tapmaq isə qəliz
məsələdir. Düzdür, arxasına 100 faiz pambıq olduğu yazılır, amma corabı ələ
aldıqda hiss edirsən ki, tərkibi sırf pambıq deyil. Corabın tərkibinin 80 faiz
pambıq olması da insanlara kifayət edir. Sintetik corabların tərkibində isə ən
azı 50 faiz pambıq olur. Çünki sırf sintetika anlayışı yoxdur. Sintetikası çox
olan corablar artıq azalıb”.

Qiymətlər fərqlidir

Satıcı bildirib ki, pambıq corablar daha bahadır: “Qiymət cəhətdən pambıq
corabların qiyməti toplu şəkildə 10 manatdan başlayır. 6-7 manata olanlar da
var. Onların tərkibində 80 faiz pambıq, 20 faiz sintetika olur. Bu corablar
daha çox istifadə olunur. Pambıq corabların bir ədədi isə bir manatdan bahadır.
Sintetik corablar 50 qəpikdir. 60-70 faizi pambıq, qalanı sintetika olan
corablar da var. Onların qiyməti uyğun olduğu üçün bu cür corablara tələbat
çoxdur”.

Ən önəmlisi corabın materialıdır

Podoloq Ruzanna Şahin isə qeyd edib ki, çalışıb pambıq corablara üstünlük
verməliyik:

“Corab seçərkən ən önəmlisi ayağımıza uyğun olanını seçməkdir. Əgər corabı
seçərkən ön qismindən dartırıqsa və ya topuğa doğru çəkməyə çalışırıqsa, bu həm
batıq dırnağa səbəb olur, həm də ayaq corabın içində sıxıldığı üçün havasız
qalır. Corabın materialı daha vacibdir. Yüz faiz pambıq olan corablara daha
üstünlük verməliyik. Çünki corabların tərkibində sintetik maddələr olduğu zaman
ayaq hava almır və tərləməyə başlayır. Bunun nəticəsində dəridə göbələk və
digər xəstəliklər yaranır. İnsanların bu cür corabları seçməsi tamamilə səhv
qərardır. Bəzən corablarda yazılır “70 faiz sintetik, 30 faiz pambıq”. O
corabın tərkibində pambığın olmasının heç bir əhəmiyyəti olmur. Aldığımız corab
yüzdə yüz pambıq olsa, daha yaxşıdır”.

Uşaqlarda ciddi fəsadlar yaradır

Həkimin sözlərinə görə, uşaqlarda ayaq problemlərinə də məhz düzgün corab
seçilməməsi səbəb olur:

“Uşaqlara da bəzən ayaqlı “body” (kombinezon) geyindirirlər. Onların içində
əgər uşağın ayağı sıxışırsa, rahat şəkildə hərəkət edə bilmirsə, bu zaman
dırnaq batığı yaranır. 7-8 aylıq yeriməyən bir uşaqda necə dırnaq batığı yarana
bilər? Bu onların geyindikləri corablardan asılı olaraq yaranır. Çünki ayaq
havasız qalır və uzanmaq istəyən dırnaq, ət orada yığıldığı üçün önə gələ
bilmir və ətə daxil olmağa başlayır”.

Corabı yalnız bir gün geyinin

R.Şahinin fikrincə, sintetik corablar ayağa daha ziyandır:

“Ayaq corabın içində çox qalmağa məcbur olduqda sanki ayağı bişirir, ayaqlar
və dırnaqlar yanmağa doğru gedir. Ən keyfiyyətli ayaqqabı da geyinsəniz, corab
seçiminiz yanlışdırsa, ayağınız mütləq tərləyəcək. 2 saat sonra hər kəsin ayağı
normal şəkildə tərləməlidir, ancaq sintetik corablarda bu tərləmə daha da
sürətli olur”.

Podoloq bildirib ki, bir corabı yalnız bir dəfə geyinin, sonra yuyulmağa atın:

“Bir corabı yalnız bir gün geyinmək məsləhətdir. Hər gün corabları
çıxarmalıyıq. Hətta imkan varsa, ayağınız çox tərləyən ayaqdırsa, səkkiz saatda
bir dəfə dəyişə bilərsiniz. Evə gələrkən corabı mütləq dəyişmək lazımdır.
Sintetik corablar daha çox tərləməyə meyllidir. Ancaq pambıq corablarda tərləmə
olmasa da, ayaqlarımız qapalı olduğu üçün havasız qalır. Səhər isə yenidən eyni
corabı qətiyyən geyinmək olmaz”.

Ayaq burxulmalarına səbəb olan corablar

R.Şahin qeyd edib ki, xanımlar kolqotqa seçərkən də ehtiyatlı olmalıdırlar:

“Çalışmaq lazımdır ki, corablar sürüşkən olmasın. Hündürdaban ayaqqabı
geyindiyimiz zaman diqqət etməliyik. Çünki tərkibində daha çox sintetik olan
kapron corablar ayağı sürüşdürür. Bu da ayaq burxulmalarına gətirib çıxara
bilər. Kolqotqa əgər böyükdürsə, ayaq ayaqqabının içərisində hərəkət etdikcə
corab yığılır və ayaq sürüşür. Ona görə corab nə çox dar, nə də çox geniş
olmamalıdır. Artıq bir çox markalar çalışır ki, kolqotqaları gümüş tərkiblərdə,
içərisində minimum ziyanverici maddələrlə hazırlasınlar. Onların tərkibində
gümüş toxumalar olur. Bu, ayağın tərləməsini minimuma endirir”.

Corabları ütüləyin

Həkim sonda ayaqlarımızı qorumağımız üçün öz tövsiyələrini də verdi:

“Tövsiyəm budur ki, corab seçərkən güvəndikləri firmalardan, keyfiyyətli
məhsul alsınlar. Bu, məhsula toxunduqda da bilinir. Evə gəldikdə ayağı
havalandırmalı, yumalıdırlar. Corab da dəyişdirilməli və təmiz corab
seçilməlidir. Ayaqları da həmişə quru tutmağa çalışmalıyıq. Corabları ütüləməyi
də məsləhət görürəm. Bəzi pasiyentlər deyir ki, “mən corablarımı paltaryuyan
maşına atmıram, əlimdə yuyuram”. Elə düşünürlər ki, paltaryuyana atdıqda ona
zərər verəcək. Amma bunu unudurlar ki, göbələk və ya digər dırnaqda olan
mikroblar 120 dərəcə istiliyə qədər yaşaya bilirlər. Əlimizdə yuduqda da ancaq
30 dərəcə istiliklə yuya bilərik. Ona görə ütü ilə ütüləyib mikrobunu məhv
etməyi məsləhət görürəm. Corabın düzgün seçilməməsi bəzən ürək-damar
xəstəliklərinə də səbəb ola bilir. Diabet xəstələrinə də məsləhət görürük ki,
corablar ayağınızı sıxmasın. Ona görə rezinli corabları məsləhət görmürük.
Tikişsiz corablara üstünlük versələr daha yaxşıdır. Çünki rezini sıxan corablar
qan dövranına təsir edir”.

Source link