Doğuş zamanı ana ölümlərinin əsas səbəbləri açıqlandı

Doğuş zamanı ana ölümlərinin əsas səbəbləri açıqlandı

Baxış sayı: 2. 697 dəfə baxılıb.

2017-ci ildə ana ölümlərinin sayı azalıb. Əgər 2016-cı ildə 21 ana ölümü qeydə alınmışdısa, 2017-ci ildə bu rəqəm 20 təşkil edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova respublika ərazisində ana ölümlərinin statistikası haqqında danışarkən deyib. 

O bildirib ki, bu il ərzində doğuş zamanı yeddi ana ölümü baş verib:

“Bu ölüm halları ümumi respublika ərazisində qeydə alınıb. Onlardan üçü Bakıda, dördü isə regionlarda baş verib. Bununla bağlı olaraq bəzi həkimlərə qarşı müəyyən inzibati tədbirlər görülərək 12 tibb işçisinə töhmət verilib və 1 nəfər həbs edilib”.

Mama-ginekoloq qeyd edib ki, ötən il 50-dən artıq tibb işçisinə qarşı inzibati tənbeh tədbirləri görülüb:

“Bura mama-ginekoloqlar, anestezioloqlar kimi tibb işçiləri daxildir ki, buna da həm özəl, həm də dövlət müəssisələrinin işçiləri aiddir”.

Sevinc Məmmədova əlavə edib ki, doğuş zamanı ana ölümləri əsasən beyində anevrizmanın cırılması, böyrək, ürək çatışmazlıqları səbəbindən baş verir. 

Nazirlik rəsmisi həmçinin doğum mərkəzlərində ötən il ərzində qeydə alınan digər ölümlərin də rəsmi statistikasını açıqlayıb:

“Ötən il ərzində doğuş zamanı diridoğulanlar 144041 nəfər, körpə ölümü 1700 nəfər, uşaq ölümü 2058 nəfər təşkil edib”.

.
www.ÇıxışYolu.Com